Liviyanın Milli Neft Korporasiyası (NOC) neft ixracını bərpa etdiyini açıqlayıb.
Bazar günü bu ölkənin Sirtə Neft-Qaz Kompaniyası Breqa terminalından İtaliyanın “Ibela” neft tankerini yola salıb.
Korporasiyanın məlumatında qeyd olunub ki, Liviyanın qərbində yerləşən Benqazi əyalətindəki Zeyitina terminalında da xam neft dolu tanker yola salınacaq. Liviyada neft ixracı üç ay əvvəl dayandırılmışdı. NOC-un İdarə Heyətinin sədri Farhat Benqdara jurnalistlərə bildirib ki, artıq Liviyanın bütün limanları açılıb və tankerlərin yüklənməsi prosesi davam edəcək.
Bundan əvvəl BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Liviyadakı iki hökumətin rəhbərlərinə müraciət edərək daxili çəkişmələrin neft hasilatına və ixracına mənfi təsirinə yol verməməyə çağırmışdı. Ekspertlər hesab edirlər ki, bu ölkədə münaqişə tərəfləri arasında konsensus əldə olunacağı təqdirdə gündəlik xam neft ixracı 1 milyon barelə çata bilər.