Milli assosiasiyaların avadanlıq lizinqi üzrə Avropa federasiyasının (Eurolease) bazis tərifinə görə, «Lizinq – icarədar (icarəyə götürən) tərəfindən istehsal məqsədlərilə istifadə üçün zavodun, sənaye mallarının, avadanlığın,
daşınmaz əmlakın icarə müqaviləsidir, halbuki bu mallar icarəyə verən tərəfindən alınır və məhz o, mülkiyyət hüququna malikdir (o cümlədən lizinq müqaviləsinin bütün dövrü ərzində)».
Lizinq sövdəsinin obyektləri və subyektləri
Lizinqin (lizinq müqaviləsinin) obyekti çox zaman əsaslı məhsuldur: maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və başqa investisiya mallarıdır. Onları aşağıdakı bazis truppaları üzrə bölmək olar:
• sənaye təyinatlı avadanlıqlar;
• nəqliyyat avadanlıqları;
• elektron-hesablama, qablaşdıran və növlərə ayıran maşınlar, müxtəlif tipli kontor avadanlığı, orqtexnika və s.;
• televiziya və məsafədən idarəetmə rabitəsi vasitələri;
• lisenziyalar, nou-hau, kompüter proqramları və s.
Beynəlxalq təcrübədə lizinq sövdələrində adətən üç subyekt bilavasitə iştirak edir:
• Birinci subyekt – əmlakı kompleks lizinq müqaviləsi şərtləri ilə istifadəyə (icarəyə) verən əmlak mülkiyyətçisidir (lizinq verən). Lizinq verən kimi aşağıdakılar çıxış edə bilər: nizamnaməsində kredit-ssuda fəaliyyətinin bu növü nəzərdə tutulan kommersiya bankının qız müəssisəsi; başlıca və faktiki olaraq yeganə funksiyası icarəyə götürülən əmlakın real ödənişi olan (yəni sövdənin maliyyələşdirilməsi) və yalnız lizinq əməliyyatlarının reallaşdırılması üçün yaradılan maliyyə şirkəti; sövdəni maliyyələşdirməklə yanaşı qeyri-maliyyə xarakterli kompleks xidmətləri, xüsusilə əmlakın saxlanması və təmiri, aşınmış hissələrin əvəz edilməsi, sənaye avadanlıqlarının istifadəsi üzrə məsləhətlər və s. təşkil edən xidmətləri öz üzərinə götürən ixtisaslaşmış lizinq şirkəti
• Lizinq sövdəsinin ikinci subyekti icarəyə götürülmüş əmlakın real istifadəçisi – lizinq alandır ki, bu qisimdə mülkiyyətin formasından asılı olmayaraq hüquqi şəxs çıxış edə bilər.
• Lizinq sövdəsinin üçüncü subyekti – lizinq verənə əmlak satan şəxs (tədarükçü). Bu, istənilən hüquqi şəxs: əmlakın istehsalçısı, təchizat-satış, ticarət firması və s. ola bilər.
Konkret iqtisadi şəraitdən asılı olaraq, lizinq sövdəsinin faktiki iştirakçılarının sayı dəyişə bilər. İştirakçıların (subyektlərin) tərkibindən asılı olaraq sövdələr birbaşa və vasitəli lizinqlərə bölünür.
Birbaşa lizinq əmlak mülkiyyətçisinin (tədarükçü) bilavasitə obyekti lizinqə verməsini (ikitərəfli lizinq) nəzərdə tutur. İki tərəfin iştirakı ilə lizinq (baxmayaraq ki, bu əməliyyatlar üzrə rəsmi statistika yoxdur), ekspertlərin qiymətlərinə görə bağlanan lizinq müqavilələrinin ümumi sayında və məcmu həcmində 5-7%-dən çox yer tutmur.
Vasitəli lizinq əmlakın yalnız vasitəçi ilə verilməsini nəzərdə tutur. Bu ya üçtərəfli sövdənin klassik sxemi (tədarükçü – lizinq verən – lizinq alan), ya da böyük sövdələrdə iştirakçıların sayı çox olan çoxtərəfli sxemdir. Çox tərəflərin iştirakı ilə lizinq mürəkkəb irimiqyaslı obyektlərin maliyyələşdirilməsinin forması kimi yayılmışdır.
Əmlakın tipi üzrə aşağıdakılar fərqləndirilir:
• Daşınar əmlakın lizinqi (xüsusilə texniki-maşın lizinqi);
• Daşınmaz əmlak lizinqi.
Əmlakın öz xərcini çıxarması dərəcəsinə görə aşağıdakıları fərqləndirirlər:
• Xərclərini tam çıxaran lizinq. Bu zaman bağlanmış birinci müqavilənin müddəti bitdikdə icarəyə verilən əmlakın tam dəyəri lizinq verənə ödənilir;
• Xərclərini tam çıxarmayan lizinq. Bu zaman birinci müqavilənin müddəti bitdikdə icarəyə verilən əmlakın dəyərinin bir hissəsi ödənilir.
Aşınma şərtlərindən asılı olaraq aşağıdakıları fərqləndirirlər:
• Tam amortizasiya ilə və müvafiq olaraq lizinq obyektinin alış qiymətinin tam ödənilməsi ilə lizinq;
• Tam olmayan amortizasiya ilə və müvafiq olaraq qismən (hissə-hissə) dəyərin ödənilməsi ilə lizinq.
Yuxarıda göstərilən təsnifat əlamətlərinə uyğun olaraq, maliyyə və opretiv lizinqləri fərqləndirirlər.
Operativ lizinq (operating leasing) elə icarə icarəyə verilən avadanlıqların alınması və saxlanması ilə əlaqədar münasibətlərinə aid edilir ki, bu zaman lizinq verənin məcmu xərcləri yalnız bir lizinq müqaviləsi dövrü keçdikdən sonra icarə ödənişləri ilə deyil, çoxdəfəlik icarə müqavilələri əsasında ödənilir. Operativ (istismar) lizinqi üçün aşağıdakı əlamətlər xarakterikdir:
1. Lizinq verən bütün məcmu xərclərini birdəfəlik icarə müqaviləsinin lizinq ödəmələri hesabına əvəzləyə bilməz.
2. Lizinq müqaviləsi, bir qayda olaraq, 2-5 il müddətinə bağlanır ki, bu da müasir avadanlıqların faktiki fiziki aşınmasının müddətindən xeyli azdır. Bundan başqa, bu müqavilə və ona müvafiq olaraq icarə müqaviləsi lizinq alan tərəfindən öz arzularına görə istənilən an pozula bilər.
3. Obyektin xarab olması və itirilməsi riski adətən tamamilə lizinq verənin üzərinə düşür. Lakin lizinq müqaviləsində avadanlığın sıradan çıxması üçün lizinq alan tərəfindən kompensasiya da nəzərdə tutulur, lakin onun ölçüsü həmişə əmlakın ilkin müəyyən edilmiş dəyərindən az olur.
4. Lizinq ödəmələrinin dərəcələri adətən bank kreditində və maliyyə lizinqində olduğundan yüksəkdir. Bu onunla əlaqədardır ki, lizinq alan xərclədiklərinin tam özünü çıxaracağına əmin olmadan lizinq müqaviləsinin qiymətinə daxil olan xidmətlərin dəyərlərinin yüksəlməsi yolu ilə müxtəlif kommersiya risklərini nəzərə almağa məcburdur.
5. Sövdələrin obyektləri kimi müasir texnologiya ilə istehsal olunmuş maşın və avadanlıqların müxtəlif növləri çıxış edir.
6. Operativ lizinqdə lizinq şirkəti adətən avadanlığı qabaqcadan, konkret icarədarı tanımadan alır. Operativ lizinqlə məşğul olan lizinq şirkətləri adətən investisiya malları bazarının konyunkturunu və dinamikasını yaxşı bilirlər. Lizinq şirkətləri (və ya banklar) lizinqin bu növündə icarəyə verilən əmlakı özləri sığortalayır və onun təmirini təmin edirlər.
7. Lizinq müqaviləsinin ilkin bağlanmış müddəti başa çatdıqda lizinq alan daha güzəştli şərtlərlə lizinq müddətini uzatmaq hüququ alır, avadanlığı lizinq verənə qaytara, lizinq verəndən avadanlıq ala, opsion (opsion müqaviləsi) olduqda ilkin aşınma nəzərə alınmaqla bu avadanlığı bazar qiyməti ilə ala bilər.
8. Əməliyyat lizinqinin xüsusiyyətləri onun kənd təsərrüfatında, nəqliyyatda, dağ emalı sənayesində, tikintidə, informasiyanın elektron işlənməsində və başqa sahələrdə intensiv tətbiqini təmin etmişdir.
Maliyyə lizinqi (financial lease) — qüvvədə olduğu dövr ərzində avadanlığın amortizasiyasının tam dəyərini və ya onun qismən dəyərini ödəyən, həmçinin meydana çıxan əlavə xərcləri və icarəyə verən tərəfindən zəruri mənfəətin alınmasını təmin edən lizinq ödəmələrini nəzərdə tutan müqavilədir. Maliyyə lizinqi üçün bəzi spesifik xüsusiyyətlər səciyyəvidir:
1. Üçüncü tərəfin məcburi iştirakı (vasitəçi-tədarükçü və ya sövdə obyektinin istehsalçısı).
2. İcarənin əsas dövrü ərzində, yənilizinq verənin şəxsi məcmu xərclərinin özünü çıxartması üçün zəruri müddət ərzində müqavilənin pozulmasının qeyri-mümküknlüyü. Bununla belə, təcrübədə bu cür müqavilələr (kontraktlar) pozula bilir. Bu cür müqavilə pozulmalarının potensial mümkünlüyü lizinq müqaviləsində əks oluna bilər, lakin bu halda lizinq əməliyyatının ümumi dəyəri xeyli artır.
3. Operativ lizinqlə müqayisədə daha uzunmüddətli müqavilə müddəti (adətən obyektin xidmət müddətinə yaxın olan).
4. Adətən lizinq sövdəsinin obyektinin nisbətən daha yüksək dəyəri.
Müqavilənin müddəti bitdikdə, operativ lizinqdə olduğu kimi, lizinq alan sövdə obyektini qalan bazar qiyməti ilə ala, bir qədər az müddətə və daha güzəştli dərəcələrlə yeni müqavilə imzalaya, obyekti lizinq verənə qaytara bilər.
Maliyyə lizinqi iqtisadi əlamətlərinə görə kapital qoyuluşlarının uzunmüddətli bank investisiya kreditləşməsi ilə oxşardır. Bu ona görə qanunauyğundur ki, maliyyə lizinqinin təklifi bazarında başlıca yeri banklar tutur.
Lizinq ödənişlərinin son məbləğinin hesablanması metodikası
Lizinq müqaviləsinin layihəsində praktikada lizinq verənə çatan lizinq (icarə) ödənişlərinin məbləğini düzgün müəyyən etmək çətindir. Cədvəldə lizinq ödənişlərinin bəzi növlərinin təsnifat xarakteristikası (statusu) təqdim edilmişdir. Lizinq ödənişinin məcmu məbləğinin tərkibinə onun aşağıdakı əsas elementləri daxil olmalıdır:
• avadanlığın amortizasiyası;
• sövdənin həyata keçirilməsi üçün lizinq verən tərəfindən cəlb edilən resurslar üçün ödəmələr;
• lizinq marjı. Bura lizinq verənin göstərdiyi xidmətlərə görə müəyyənləşdirilmiş şəxsi gəliri daxildir (lizinq avadanlığının 1-3%-i);
• risk mükafatı. Bunun ölçüsü sövdənin reallaşdığı zaman lizinq verənin daşıdığı müxtəlif risklərin səviyyəsindən asılıdır.
Resurslar üçün ödəmələr, lizinq marjı və risk mükafatı məcmu şəkildə lizinq faizini təşkil edir. İcarə ödəmələrinin məbləğinin hesablanması üçün annuitetlərin (konkret borc üzrə illik məcburi ödəmələr) düsturundan istifadə olunur ki, bunlar da lizinq müqaviləsinin bütün şərtləri üzrə icarə ödəmələrinin faktiki qiymətinə, xüsusilə də müqavilənin məbləğinə və müddətinə, ödəmələrin dövriliyinə və borcların verilməsinə qarşılıqlı təsiri əks etdirir.
Lizinq sövdəsinin üstünlükləri
Lizinq sövdəsinin həyata keçirilməsi zamanı icarədar adətən müəyyən üstünlüklər alır:
1. İcarədar müəssisə birdəfəlik şəxsi maliyyə xərcləri çəkmədən və borc vəsait, xüsusilə bank krediti almadan da öz istehsalını genişləndirə və avadanlığa qulluğu qaydaya sala bilər.
2. İcarədarın likvid vəsaitlərinin məhdudlaşdırılması probleminin kəskinliyi yumşalır, sənaye avadanlıqlarının alınması üçün xərclər lizinq müqaviləsinin qüvvədə olacağı bütün dövr ərzində bərabər bölüşdürülür.
3. Müəssisənin balansında şəxsi və borc kapitalının optimal nisbəti (proporsiyası) müəyyən edilir və saxlanır, belə ki, yeni əlavə borc vəsaitləri cəlb edilmir.
4. İcarədar böyük maliyyə xərcləri çəkmədən və kapital qoyuluşları qoymadan da mənəvi aşınmış avadanlıqları müntəzəm olaraq yeniləşdirə bilər.
5. Lizinq əməliyyatlarına tətbiq edilən vergi güzəştləri və başqa investisiya üstünlükləri, stimullar öz səviyyəlrinə görə bəzən cari balans bank faizindən aşağı olub, icarə dərəcələri barədə razılaşmağa imkan verir.
6. Müəyyən lizinq müqavilələrində icarədar lizinq müqaviləsinin müddəti qurtardıqda, icarə etdiyi əmlakı (avadanlığı) güzəştlə almaq hüququ alır.
7. Lizinq müqaviləsi üzrə yüksək çeviklik və konyunkturun uçotu sənaye istehsalının müəyyən sahələrində bazar konyunkturunun cari dəyişməsinə operativ reaksiya vermək imkanı yaradır.
8. Qiymətqoymanın adekvatlığı təmin edilir, belə ki, lizinq forması obyektiv olaraq sənaye avadanlıqlarını tədarüukçü firmalardan optimal qiymətlər üzrə almaqda maraqlıdır.
9. Lizinqin mühüm üstünlüyü ondan ibarət olur ki, o, ölkənin xarici ödəniş mövqeyini və ödəniş balansını pozmur. Beynəlxalq Valyuta Fondunun qaydalarına görə icarə müqavilələrindən irəli gələn məcmu ödəniş öhdəlikləri ölkənin məcmu xarici borcları göstəricisinə daxil edilmir.
10. Lizinq maliyyələşdirmənin əlavə resursudur (vasitəsi) ki, bu da banklar və onların qız lizinq təşkilatları (müəssisələri) üçün müntəzəm fəaliyyət sahələrinin fəallaşdırılması və diversifikasiyası üçün çox vacibdir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, banklar və başqa kredit müəssisələri mahiyyəti etibarilə özləri üçün yeni olan sahələrə daxil olmalı və lizinqlə məşğul olmağa məcburdurlar, belə ki, lizinq xidmətləri bazarının inkişafı onlara ciddi rəqabət yaradır və bank faizinin, hər şeydən əvvəl, uzunmüddətli kreditləşmə üzrə səviyyəsinin aşağı düşməsinə səbəb olur.
11. Lizinq maliyyələşdirilməsi obyektiv surətdə uzunmüddətli bank ssudalarından daha az risklərlə bağlıdır (xüsusilə adekvat təminat və zəmanət olmayanda ).
12. Vergi güzəştləri (əgər varsa) qismən icarəyə verən tərəfindən də reallaşdırılır.
13. Avadanlıq istehsalçıları ilə daha sıx əlaqələr lizinq verənlər üçün işgüzar tərəfdaşlıq üçün yeni imkanlar yaradır.