7 C
Baku
Thursday, December 12, 2024

“Location” klubundakı partlayışla bağlı məhkəmə istintaqı tamamlanıb

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Ruslan Məmmədov, Orxan Səfərli və Rəsul Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən O.Səfərli qardaşı Elşən Səfərli şahid qismində ifadə verib.

O, R.Rəsulovun vəkilinin suallarını cavablandırıb. O söyləyib ki, “Location” klubunda heç bir rəhbərliyi olmayıb: “Rəsul Rəsulov fevral ayından etibarən həmin klubda işləyib. Kassir işlərinə o, özü nəzarət edirdi. İşçilərin obyektə sənədləşdirilərək götürülməsindən xəbərim yox idi. Rəsula gecə klubunda maaşı şirkət tərəfindən veriləcəkdi”.

Daha sonra R.Rəsulovun vəkili Umud Abdürrəhmanlı vəsatət qaldıraraq bildirib ki, gecə klubunda təhlükəsizlik aktında imzaların yoxlanılması ilə bağlı xəttşünaslıq ekspertizası keçirilməlidir.

Vəkil məhkəmədən eyni zamanda “Merser food” MMC-nin işçilərin işə götürülməsi ilə bağlı əmrlər kitabının məhkəməyə gətirilməsini, həmçinin MMC-nin kompüterinə baxış keçirilməsini tələb edib.

Onun sözlərinə görə MMC-nin baş mühasibi Sərxan Ramazanov məhkəməyə əlavə şahid qismində dəvət olunmalıdır.

Vəsatətlər təmin edilməyib.

Bu zaman vəkil məhkəmə tərkibinə yazılı etiraz edib.

Məhkəmə etirazı baxılmamış saxlayıb. Hakim deyib ki, hər üç hakimə verilən etiraza Bakı Apellyasiya Məhkəməsi baxır, amma vəsatətdə bu qeyd olunmayıb.

Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib və çıxış etmək üçün prokurora söz verib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Səbail rayonunda qeydə alınıb.

Belə ki, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilmiş, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

Partlayış nəticəsində 1 nəfər – gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

İstintaq zamanı yanğın təhlükəsizli il qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə R.Məmmədovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı qərar çıxarıb.

 

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər