7 C
Baku
Thursday, December 12, 2024

“Lökbatan” bazarında nöqsanlar aşkarlanıb, rəhbərliyi barəsində inzibati tədbir görüldü

Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən “Lökbatan” bazarında yoxlama həyata keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.  Belə ki, satışa təqdim edilən bir sıra qida məhsullarının yumurta (yumurta və süd məhsulları, konservləşdirilmiş turşular və s.) mənşəyinin məlum olmadığı və qanunvericiliyə uyğun qaydada etiketlənmədiyi, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, müvafiq avadanlıqlarla təmin edilmədiyi, ət məhsullarının açıq havada saxlanıldığı, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı,mütəmadi təmizlik işlərinin aparılmadığı müəyyən olunub. Həmçinin bazarın satış sahəsinin, xüsusilə ət satışı nöqtələrinin döşəməsinin tamlığının pozulduğu, bazarın daxilində fəaliyyət göstərən kafedə qida məhsullarının yuyulması üçün yuma çanağının təmin edilmədiyi, qida məhsulları ilə təmasda olan səthlərin asan yuyulub-təmizlənə bilən materiallardan təşkil olunmadığı aşkarlanıb.

Müayinələrin aparılması məqsədilə satışa təqdim edilən pendir və qatıq məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq bazar rəhbərliyi barəsində inzibati tədbir görülüb, konservləşdirilmiş turşu, süd məhsullarının və açıq havada ət satışının qadağan edilməsinə dair “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi” barədə Qərar qəbul olunub.

Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, bu satış və ticarət müəssisələrində sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət edilməli, tez xarab olan məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu dolab və ya  soyuducu vitrin, həmçinin dondurucularla təchiz olunmalı, qida məhsulları onların təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalı, məhsulların etiketlənməsi dəqiq, aydın, istehlakçılar üçün tam başa düşülən və oxunaqlı tərzdə həyata keçirilməli, qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməlidir.

Qida təhlükəsizliyi tələblərinə əməl etməyən bazar rəhbərləri barəsində ən sərt tədbirlər görüləcək.

Son xəbərlər
Digər xəbərlər