7 C
Baku
Thursday, December 12, 2024

Lombard bazarında partlayış olacaqmı?

Artıq hər kəsin bildiyi kimi Mərkəzi Bankın qərarından sonra bütün banklar arayışsız kredit verməyi dayandırıb. Lakin arayışsız kreditlərin məhdudiyyətləşdirilməsi haqqında qərar verilməmişdən öncəbir neçə bank sayəsində dövlət və ya özəl şirkətlərdə işləməyən və iş yerindən arayış təqdim edə bilməyən əhali belə, bankdan rahat şəkildə kredit əldə edə bilirdi.

Mərkəzi Bankın arayışsız kreditlərin verilməsinə qadağa qoymasında əsas səbəb isə problemli kreditlərin məbləğinin sürətlə artması göstərilmişdir.

Lakin, arayışsız kreditlərin verilməsinin dayandırılması haqqında qərar verildikdən sonra bankların geri qaytarılmayan kreditlərinin sayındakı göstəricilər heç də aşağı düşmədi, hətta əksinə, vaxtı keçmiş kreditlərin sayı artmaqda davam edir. Belə ki, vaxtı keçmiş kreditlər son 3 ay ərzində 39 mln manat, yəni 5 % artıb.

Görünür bu qərar ən çox orta təbəqədə yaşayan insanlara daha çox təsir edib. Çünki, artıq banklardan arayışsız kredit əldə edə bilməyən insanlar çarəsiz qalaraq lombard kreditlərinə üz tuturlar. Buna görə də hazırda Azərbaycanda 2011-ci ildə 600 lombard fəaliyyət göstərirdisə, indi onların sayı dörd rəqəmlə ifadə edilir.

Hətta ekspertlər də mövzu ilə bağlı qeyd  edirlər ki, bank sektorundakı son dəyişikliklərdən əslində daha çox faydalanan da məhz lombardlardır. Əslində, öncədən bəlli idi ki, Mərkəzi Bankın inzibati islahatları ya Lombardların fəaliyyətinə geniş imkanlar yaradacaq, ya da banklar özləri “qara bazar” formalaşdıracaqlar. Banklar hələlik belə bazar formalaşdırmağa tələsməsələr də lombardlar artıq bu fürsətlərdən istifadə edərək, faydalarını belə görüblər.

Əslində Lombardlar öz işlərini görürlər və buna görə də onlara irad tutmaq düzgün deyil. Çünki imkanı olmayan və bankın tələbinə uyğun olaraq arayış təqdim edə bilməyən şəxslər bu kreditlərlə yararlanırlar. Lakin artıq Lombard kreditləri geniş yayıldığı üçün fırıldaqçılıqların da baş verməsi qaçılmazdır.

Lombardlar Mərkəzi Bankın tələbindən sui-istifadə edərək, təklif etdikləri kreditin faizini artırır və həmçinin kredit vermək üçün daha çox qızıl tələb edirlər. Təbii ki, təqdim etdiyiniz qızılların təhlükəsizliyindən heç də əmin olmaq mümkün deyil, yəni bankdan fərqli olaraq lombardlar qızılınızı sığortalamır.

Əgər lombard təqdim edən ofis bağlansa qızılların aqibətinin necə olacağı aydın məsələdir. Son zamanlar izlədiyimiz xəbərlərdə belə lombard krediti haqqında eşitdiyimiz fırıldaqçılıq halları lombard kreditində ciddi problemlərin olduğunu sübut edir.

Lombard kreditləri hansı faizlərlə verilir? Şərtlər necədir 

Lombard kreditlərinin işləmə mexanizmi isə  təxminən aşağıdakı kimidir : Müştəri hər ay ancaq faiz ödəyir. Müddətinin sonunda isə əsas məbləği (yəni götürdüyü krediti tam bağlayır). Bəzi lombardlar aylıq məbləğdən artıq ödənilmiş məbləği əsas məbləğdən silir ( artıq ödənilmiş məbləğ kiçik olduqda demək olarki heç bir lombard silmir).

Şərtlər haqqında Sizə daha ərtaflı məlumat vermək üçün, Lombard kreditləri təqdim edən şirkətlər ilə əlaqə saxladıq. Təxminən beş, altı şirkətin əlaqə nömrəsinin “təyin olunmadığını” eşitdikdən sonra, nəhayət ki, bir neçə lombard şirkətləri ilə danışmaq şansını əldə edə bildik.  Dəstəyi qaldıran Lombard şirkətlərinin verdiyi məlumata əsasən deyə bilərik ki, hazırda qızıl girovu ilə götürə biləcəyiniz kreditləri 8%-lə əldə edə bilərsiniz.  Lakin məbləğdən asılı olaraq aşağı faizlə də kredit əldə etməyiniz mümkündür.

Belə ki, Lombard kreditlərində aylıq faizlər aşağıdakı kimidir

300 AZN – aylıq  8%- (illik 96%) ;

300 AZN- 1 000 AZN- aylıq 7 % ( illik 84%);

1 000 AZN- 2 000 AZN – aylıq 6 % ( illik 72%);

2 000 AZN-dən yuxarı isə – aylıq 5% -lə (illik 60%) təqdim olunur.

Lombardların qeyd etdiklərinə görə kreditin müddəti sizdən asılıdır, yəni istənilən vaxta qədər kredit müddətini seçə bilərsiniz. Çox təəssüf ki, bu haqda şirkət tərəfindən daha ətraflı məlumat verilmir.

Bu da o deməkdir ki, lombardlarda baş verən özbaşınalıqların əsas səbəbi nəzarət mexanizmlərinin zəifliyidir. Girov müqabilində kredit verən müəssisələr nəzarətin zəif olmasından istifadə edərək vətəndaşları aldadırlar.

Mərkəzi bankın qərarı nəticəsində bazara rəsmi əmək haqqısı aşağı olan şəxslərin çıxışı məhdudlaşmışdır. Bu əvvəl kredit götürməkdə çətinliyi olmayan insanlar kreditsiz qaldıqda artıq fraud halları, lombardlarıdan kredit və s. kimi proseslərin cərəyanı başlamaq təhlükəsi vardır.

Digər bir məsələ Lombard və kredit ittifaqlarının çoxunun Mərkəzi Bankın kredit reestri sisteminə qoşulmamasıdır. Bu isə bazarda olan , kredit tarixcəsi korlanmış adamlar haqqında məlumatın bankla çatdırılmaması və sonrakı mərhələdə həmən şəxslərin digər banklarda gecikmə etmələri ilə nəticələnə bilər.

Son xəbərlər
Digər xəbərlər