Vüqar Bayramov: “Hər halda lombard fəaliyyəti ilə məşğul olmaq üçün qaydaların ağırlaşdırılmasına ehtiyac var”
Əhalinin kredit üçün üz tutduqları yerlərdən biri də lombardlardır. Xüsusi ilə də Məkəzi Bankın istehlak kreditləri ilə bağlı yeni sərt qaydalarından sonra lombardlara üz tutanların sayı artıb. Bu fonda lombard sahiblərinin fırıldaqlarına da rast gəlinir. Hər halda bunu edilən şikayətlər də təsdiqləyir. Banklara nisbətən asan şərtlərlə xidmət göstərən lombardlar bəzən oğruya da çevrilirlər. Yəni, girov qismində aldıqları qızıl-zinət əşyalarını götürüb itirlər. Bu da lombard fəaliyyətini tənzimləyən qanunun yumşaqlığından doğur. Bildirək ki, onların fəaliyyəti 1997 – ci ildən etibarən “Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Mütəxəssislər məsələnin həlli yolunu qaydaların daha da sərtləşdirilməsində görürlər.
İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, lombard fəaliyyəti əhali üçün ona görə cəlbedicidir ki, burada banklardan fərqli olaraq girov tələb olunmur: “Ona görə də lombardlardan pulun alınması daha asandır. Lombardların fəaliyyətinə ciddi nəzarət edilməlidir. Çünki, əgər lombard sahibləri öz öhdəliklərini tam olaraq yerinə yetirmir və bəzi hallarda ölkədən qaçırlarsa, buna nəzarət etmək imkanı çətin olur. Lombardların qurulması və lombard fəaliyyəti Azərbaycan qanunvericiliyi əsasında aparılır. Sadəcə, burada problem ondan ibarətdir ki, lombard fəaliyyəti ilə məşğul olanların sayının çox, onların fəaliyyətinə nəzarət isə nisbətən zəifdir. Baxmayaraq ki, Azərbaycan qanunvericiliyində lombardlar xüsusi lisenziya əsasında fəaliyyət göstərirlər. Amma təəssüf ki, lombardların fəaliyyətə nəzarət mexanizmləri zəifdir. Lombardlar məhz nəzarətin zəif olmasından istifadə edərək vətəndaşları aldadır. Bəzi hallarda onlar öz yerlərini asanca dəyişə bilirlər. Çünki, banklardan fərqli olaraq adətən onların kiçik otağı olur. Həmin otaqlar da icarəyə götürülür. Ona görə də başqa yerə köçmə və eyni zamanda ölkəni tərketmə riskləri yüksək olur. Hər halda lombard fəaliyyəti ilə məşğul olmaq üçün qaydaların ağırlaşdırılmasına ehtiyac var. Lombard üçün minimum nizamnamə kapitalı tələb olunmur. Amma bununla belə, vətəndaşların aldadılmasının qarşısını almaq üçün lombardların öhdəliyini artırmaq lazımdır. Bu öhdəlik o formada ola bilər ki, lombardlar fəaliyyətə başlayan zaman xüsusi lisenziyanın alınması üçün yalnız vəsait ödəməsin. Eyni zamanda öhdəliklərinə sadiq qalması üçün həmin qurumlar qarşısında müəyyən girovla çıxış etsinlər. Ona görə də qaydaların təkmilləşməsinə və sərtləşdirilməsinə ehtiyac var ki, lombardlar vətəndaşlar qarşısındakı öhdəliklərinə ciddi əməl etsinlər”.
Digər iqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, hazırda aktual problemlərdən biri lombard fəaliyyətinə nəzarət mexanizminin olmamasıdır: “Bankların fəaliyyətinə necə nəzarə formalaşıbsa, qanunvercilik bazası hazırlanmalı və lombardlar Mərkəz Bankın nəzarətinə verilməlidir. Yaranan ilk ciddi problem ondan ibarətdir ki, lombardlarda faizlər çox yüksək olur. İkincisi, lombardlarda qəbul edilən girovlar sığortalanmır. Rəsmi qurumlar tərəfindən mühafizə olunmur. Nəzərə alsaq ki, hazırki qanunverciliklə lombard yaratmaq çox asan prosesdir. Hər hansı fiziki şəxs lombard işlədə bilər. Belə olduğu halda müəyyən problemlərə görə lombard asanca öz fəaliyyətini dayandıra girovları da götürüb gedə bilər. Qanunverciliyin yaradılması həmçinin ondan ötrüdür ki, problem yarananda hansısa hüquqi prosedurun başlanması üçün ən azından hüquqi əsaslar olur. Lakin lombard fəaliyyətinin genişləndiyini görürük. Yəni, bazarda tələbat olduğu üçün lombardlar öz faizlərini yüksək səviyyədə saxlamaqla fəaliyyət göstərə bilirlər. Lombardların faizləri bankların faizlərindən yüksək olmasına baxmayaraq, vətəndaşlar lombardlara ona müraciət edir ki, onlar öz failiyyətlərində sadəcə, girov götürməklə qısa müddətə kredit verə bilir. İş yerindən arayış və ya digər sənədləşmə tələb etmirlər. Belə olduğu təqdirdə işləməyən və ya əmək müqaviləsi olmayan şəxslərin hansısa rəsmi instansiyadan sənəd alıb banklara təqdim edərək kredit götürmək şansı yoxdur. Bu, o deməkdir ki, əhalinin təxminən 70%-i lombardların xidmətindən yararlanırlar. Ona görə də banklar sənədlərin qəbulu prosesində müəyyən güzəştlərə getməlidir. Tələblərini yumşaltmaqla yanaşı, kredit götürənin məsuliyyətini artırmaq olar. Bu zaman vətəndaşları lombardlardan kənarlaşdırıb banklara yönəldə bilərik”.
Mövqe.az
Comments are closed.