13 C
Baku
Saturday, November 23, 2024

Lombard şirkəti ₼1 mln. sərmayə qoyan investor axtarışında – yeni səhmlər buraxır

2023-cü ilin dekabrından səhmdar cəmiyyətə çevrilən “Express Lombard” ASC yeni səhmlər buraxmağı planlayır.

Bnaker.az bu barədə əldə etdiyi Emissiya prospekti və ya informasiya memorandumu e-sənədinə istinad edir.

Sənəddə qeyd edilir ki, səhmdarların qərarına əsasən, “Express Lombard” hər birinin nominal dəyəri 200 manat olan 5 000 ədəd adi, sənədsiz, adlı səhmlərin buraxılması üçün Bakı Fond Birjasının listinqinə daxil olmağı planlayır.

“Express Lombard” MMC 2011-ci ildə təsis edilib və 2023-cü ilin dekabrına  qədər 100 manat nizamnamə kapitalı olub. ASC-yə çevrildikdən sonra, səhm kapitalı Qanunvericiliyin minimal tələbi olan (ASC üçün) 4000 manata qaldırılmışdı.

Emitent lombard fəaliyyəti sahəsində rəqabət aparır. Lombardlar fiziki şəxslərin şəxsi əşyalarını girov qoyaraq qısamüddətli kredit götürə biləcəyi müəssisələrdir. Bu əşyalar zərgərlik və saatlardan tutmuş elektronika və hətta nəqliyyat vasitələrinə qədər dəyişə bilər. Lombarddan kredit əldə etmək üçün şəxslər adətən öz dəyərli əşyalarını lombard tərəfindən qiymətləndirilmək üçün gətirirlər. Əşyanın dəyərinə əsasən, borcalana kredit məbləği təklif olunur. Borcalan kredit şərtlərini qəbul edərsə, həmin əşya kredit ödənilənə qədər lombardda girov kimi saxlanılır.

Lombardlar adətən qısamüddətli maliyyələşdirməyə tələbatın olduğu şəhər ərazilərində və ticarət rayonlarında yerləşir. Lombard bazarında nəzarətedici orqan olmadığından və müvafiq statistik məlumatların məcmusu dərc edilmədiyindən bazarın ümumi həcmi haqqında məlumat mövcud deyildir. Banklar və bank olmayan kredit təşkilatları da bu fəaliyyət növü ilə məşğul olma hüququna malikdirlər və rəqabətin iştirakçılarıdırlar.

Lombard şirkətinin bir səhmdarı var və o Azərbaycan vətəndaşı İsayeva Svetlana Cəmil qızıdır.

Səhmlər BFB-də plan üzrə tam yerləşdirilsə, cəmi nizamnamə kapitalı 1 004 000 manata çatacaq.

Şirkətin maliyyə durumu isə belədir:

Maddələr (Azərbaycan manatı ilə) 31 dekabr 2023 (Audit olunmuş) 31 dekabr 2022 (Audit olunmuş) 31 dekabr 2021(Audit olunmuş)
Cəmi aktivlər 221 885.60 80 767.03 13 580.56
Cəmi öhdəliklər 82 095.00 80 757.03 13 570.56
Cəmi kapital 139 790.60 10 10
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 9 135.68 14 247.31 59.15
Hesabat dövrünün xalis mənfəəti/(zərəri) 135 790.60 64 385.98 (3 426.31)

 

 

Son xəbərlər
Digər xəbərlər