Lombard şirkəti 1.4 mln. manat xalis mənfəət əldə edib

Lombard şirkəti “Legion Financial” ASC 2025-ci ili 1,36 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 12,2% çoxdur. Banker.az xəbər verir ki, mənfəət artımı əsasən xalis faiz gəlirlərinin 41,8% artaraq 2,19 milyon manata yüksəlməsi və qeyri-faiz gəlirlərinin 29,2% artaraq 520 min manata çatması hesabına təmin edilib. Bununla yanaşı, inzibati xərclər 252,5% artaraq 661 min manata, ümumi qeyri-faiz xərcləri isə 246,7% artaraq 663 min manata yüksəlib.

Şirkətin cəmi gəlirləri 2,71 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 35,7% çoxdur. Ümumi xərclər isə 1,344 milyon manata çataraq əvvəlki illə müqayisədə 73,2% artıb.

2025-ci ilin sonuna “Legion Financial”ın cəmi aktivləri 20,67 milyon manata yüksəlib ki, bu da illik müqayisədə 50,1% artım deməkdir. Aktivlərin əsas hissəsini təşkil edən faktorinq müqavilələri üzrə portfel 2,54 milyon manat olub və ümumi aktivlərin 12,3%-ni təşkil edib. Portfel əvvəlki ildə mövcud olmadığından müqayisə aparılmır. Lizinq üzrə müştəri borcları isə 13,23 milyon manata çataraq 31,6% artıb və aktivlərin 64%-ni formalaşdırıb.

Şirkətin cəmi öhdəlikləri 15,81 milyon manata yüksələrək bir ildə 75,0% artıb. Cəmi kapital 4,87 milyon manat olub ki, bu da 2,6% artım deməkdir. Bölüşdürülməmiş mənfəət 955 min manata enərək 21,3% azalıb. Şirkət 2025-ci ildə səhmdarlara 1,62 milyon manat dividend ödəyib. Müqayisə üçün, 2024-cü ildə dividend ödənişi 616 min manat təşkil etmişdi ki, bu da son ödənişin 162,9% çox olduğunu göstərir.

Xatırladaq ki, “Legion Financial” ASC 12 iyun 2020-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqamətləri avtomobil nəqliyyat vasitələrinin lizinqi, fiziki şəxslərə lombard kreditlərinin verilməsi və daşınmaz əmlakın alqı-satqısı ilə bağlı kommersiya əməliyyatlarından ibarətdir. 2025-ci ilin sonuna nizamnamə kapitalı 3,91 milyon manat olub. Şirkətin əsas səhmdarları İsmayılov Turan Mübariz oğlu (40%), Süleymanlı Ramin Rəhman oğlu (31%), Məmmədov Böyükağa Mirkamal oğlu (14%), Soltanov Rövşən Rafiq oğlu (10%) və Kolas Konstantin (5%) olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər