23 C
Baku
Saturday, July 5, 2025

Lombard şirkəti yüksələn kredit faizlərindən yararlanaraq ₼19 mln. gəlir, ₼3 mln. xalis mənfəət əldə edib

“GL” ASC və ya “Sizin Lombard” lombard şirkəti 2024-cü ili 3 milyon 35 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 158 min manat və ya 5.5% artım deməkdir.

Banker.az xəbər verir ki, bu barədə şirkətin illik maliyyə hesabatında qeyd edilir.

Şirkətin faiz gəlirləri 2024-cü ildə 19 milyon 486 min manat təşkil edib və bu da 2023-cü ildəki 16 milyon 298 min manatla müqayisədə 3 milyon 188 min manat və ya 19.6% artım deməkdir. Faiz gəlirləri yalnız müştərilərə verilmiş kreditlər və avanslar üzrə formalaşıb. Hesabatın əlavə qeydlərinə əsasən, 2024-cü ildə müştəri kreditləri üzrə faiz dərəcələri 14-18% aralığında, ABŞ dolları üzrə isə 8-10% arasında dəyişib. 2023-cü ildə isə bu faizlər müvafiq olaraq 12-15% və 6-9% arasında olub. Beləliklə, 2024-cü ildə kreditlərin faiz dərəcələrinin yüksəlməsi də gəlirlərin artmasına təsir göstərib.

Faiz xərcləri də artaraq 2024-cü ildə 5 milyon 452 min manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 686 min manat və ya 14.4% çoxdur. Bu xərclər əsasən buraxılmış qiymətli kağızlar və borc vəsaitləri üzrə faiz ödənişlərindən ibarətdir. Qiymətli kağızlar üzrə faiz xərcləri 3 milyon 440 min manat, borclar üzrə isə 2 milyon 11 min manat olub. Ötən il bu göstəricilər müvafiq olaraq 2 milyon 875 min və 1 milyon 891 min manat idi.

Xalis faiz gəliri 2024-cü ildə 14 milyon 33 min manat təşkil edib ki, illik 21.7% artım deməkdir. Qeyri-faiz gəlirləri isə əksinə, azalıb. Haqq və komissiya gəlirləri 2024-cü ildə 202 min manat olub, illik 33.8% azalmadır. Bu azalmanın əsas səbəbi müştəri xidmətlərindən gəlirin 267 min manatdan 193 min manata düşməsi ilə bağlıdır.

Ümumi və inzibati xərclər isə kəskin artaraq 9 milyon 971 min manata çatıb. 2023-cü ildə bu xərclər 7 milyon 764 min manat idi. Əsas artım işçi xərcləri, icarə, audit, marketinq, rabitə və kommunal xərclərdə müşahidə olunub. Xüsusilə icarə xərcləri 2023-cü ildəki 4 milyon 756 min manatdan 6 milyon 605 min manata qədər artıb – bu da 1 milyon 849 min manat və ya 38.9%-lik yüksəliş deməkdir.

Lombard şirkətinin ümumi aktivləri də artaraq 2023-cü ildəki 44 milyon 672 min manatdan 2024-cü ildə 52 milyon 925 min manata yüksəlib.

Xatırladaq ki, “GL” ASC 2016-cı ildə təsis edilib və səhmdarı 100 faiz payla Quliyev Fərman Eldar oğludur.

Son xəbərlər
Digər xəbərlər