6 C
Baku
Sunday, December 15, 2024

Lombardların yeni “girov” təklifləri

Artıq lombardlara girov müqabilində tək qızıl, ev, maşın yox, hətta mobil telefon, notbuk da qoyub pul götürə bilərsiniz. Bu təkliflə çıxış edən lombardların sayı durmadan artır. Ancaq “yeni qaydalar”ın nə dərəcədə təhlükəsiz və ya qanunauyğun olub olmadığı suallar doğurur.

İnsanlar təcili ehtiyacları yarananda lombard kreditlərindən faydalanırlar. Qızıl zinət əşyasını, daşınan və daşınmaz əmlakını girov qoyur, onun dəyərindən qat-qat aşağı səviyyədə borc pul götürürlər. Son dövrlər isə lombardlar əhaliyə brend mobil telefon və notbuk girov qoymaq qarşılığında da kreditlər təklif edirlər. Nəzərə alaq ki, həm mobil telefonda, həm də notbukda özümüzə və yaxın ətrafımıza aid şəxsi məlumatlarımız ola bilər. Belə olan halda hər iki əşyanın kredit götürmək üçün lombarda təqdim edilməsi sonradan onlara müdaxilə olunmasına, şəxsi məlumatların başqasının əlinə keçməsinə səbəb ola bilərmi? Ümumiyyətlə, mobil telefon və notbuk girovluğu müqabilində pul kreditinin təklif edilməsi nə dərəcədə doğrudur? Bu, qanunla hansısa formada tənzimlənirmi?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Məqalədə deyilir:

Lombardlar banklara uduzur

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, lombardların fəaliyyətinin əsasını məhz pul müqabilində qiymətli əşyaların girov qoyulması təşkil edir. Lombardlar üçün qızıl müqabilində dəyərinə və saxlanma rahatlığına görə kredit vermək daha münasibdir: “Təsadüfi deyil ki, lombard dedikdə ilk ağıla gələn qızıl girov qoyub borc pul götürməkdir. Amma bu o demək deyil ki, lombarda girov qoyulan əşya yalnız qızıl olmalıdır. Lombard verdiyi pulun müqabilində ondan daha üstün dəyərə malik girov qəbul edir. Son dövrlər bankların kredit imkanlarının və təkliflərinin genişləndirilməsi, kredit şərtlərinin yumşaldılması lombardların fəaliyyətinə mənfi təsir göstərib. Vətəndaş banklara müraciət edə, girovsuz, özü də sərfəli faizlə kredit əldə edə bilir. Bu da lombardlara üz tutanların sayının azalmasına gətirib çıxarıb. Nəticə etibarilə lombardlar yeni mexanizmlər ortaya qoyurlar. Bu mexanizmlərdən biri də müxtəlif cihazların girov qoyulması müqabilində borc pul təklifləridir. Həmin cihazların ölçüsü böyük deyil, amma dəyərə malikdir, saxlanması da rahatdır. Burada lombardlar üçün risk faktoru yoxdur. Bu, vətəndaşlar üçün də aşağı-yuxarı eyni mahiyyət kəsb edir. Reallıq bundan ibarətdir ki, qızıl zinət əşyası olmayan hər bir vətəndaşın indiki dövrdə mütləq mobil telefonu, notbuku və digər cihazları var. Belə yanaşma lombardlara müraciət edənlərin sayını tədricən artıracaq”.

Lombardlar üçün əsas risk

Ekspertin qənaətincə, mobil telefon və notbuk girov qoyub borc pul əldə edənlərin böyük əksəriyyəti bu prosesin qanuni tərəfini, iqtisadi səmərəsini o qədər də anlaya bilmirlər: “Belə davam edərsə, 1-2 il sonra lombardların əlində böyük sayda mobil telefon, notbuk kimi cihazların yığılıb qaldığını müşahidə edə bilərik. Bu, lombardın özü üçün də riskdir. Lombardın 2 min manat dəyəri olan telefonu girova qəbul etməsi müqabilində vətəndaşa hansı məbləğdə borc pul verməsindən çox şey asılıdır. Çünki cihazlar kütləvi şəkildə yığıldıqdan sonra onun satılıb pula çevrilməsi məsələsi var. Tələbə uyğun olaraq qızılı satıb pula çevirmək daha asandır, nəinki hansısa cihazı. Lombardlar üçün əsas risk məhz bundan ibarətdir. Yəqin ki, lombardlar bundan xəbərdardırlar və girov götürdükləri cihazların real dəyərindən qat-qat aşağı məbləğdə borc pul təklif edəcəklər”.

Məlumatların oğurlanması riski böyükdür

Kibertəhlükəsizlik üzrə ekspert Berna Baysal bildirib ki, lombarda girov qoyulan cihazdakı şəxsi və ya həssas məlumatlara icazəsiz giriş riski böyükdür: “Məsələn, şəxsi fotoşəkillər, sənədlər, e-poçtlar, parollar kimi məlumatlar başqaları tərəfindən əldə edilə və istifadə oluna bilər. Məlumatların oğurlanması riski də böyükdür. Kimlərsə cihazınızda olan məlumatları hədəf alar və bu məlumatları zərərli məqsədlər üçün istifadə edər. Burada şəxsiyyət oğurluğu riski də mümkündür. Cihazınızda giriş və ya etimadnamələriniz varsa, sizin adınıza müxtəlif onlayn fəaliyyətlərlə məşğul olar və ya hesablarınıza icazəsiz girə bilərlər. Eyni zamanda, zərərli proqram təminatının, yəni virus, trojan, və s. cihazınızda quraşdırılması riskləri də var. Cihazınızın fiziki təhlükəsizliyinin pozulması da mümkündür”.

Qərar var, qanun yox

Lombardların fəaliyyətinin, o cümlədən müxtəlif girovlar müqabilində pul təklif etməsinin qanuni olub-olmamasına gəlincə, Nazirlər Kabinetinin 20 aprel 1998-ci il tarixli qərarı ilə “Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları” təsdiq olunub. Bu qaydalarda lisenziyanın verilməsi, onun mahiyyəti, müddəti, surəti, qüvvədə olma qaydaları, ona nəzarət, məsuliyyət, lisenziyanın fəaliyyətinin dayandırılması və ləğv edilməsi şərtləri əksini tapıb. Konkret qanunvericiliyə gəlincə isə hələlik Milli Məclis “Lombardlar haqqında” qanunu qəbul etməyib. 6 fəsil 32 maddədən ibarət yeni qanun layihəsi hazırlansa da, parlamentdə tam müzakirədən keçməyib.

Son xəbərlər
Digər xəbərlər