23 C
Baku
Wednesday, May 29, 2024

Lotereyada udmaq – uğur və ya bədbəxtlik?

Bu yaxınlarda Amerikada Harris soyadlı bir zəhmətkeş ailəsi lotereyada 275 milyon dollar udur.  Bu, onlar üçün astronomik bir məbləğ idi, nəzərə alsaq ailə başçısı Robert Hariss metallurgiya zavodunda işləyirdi, ailə özü isə həmin günə qədər treylerdə yaşayırdı (ev və ya mənzil almağa ailənin pulu yox idi). Harissin uduşu Corciya ştatının tarixindən udulmuş ən böyük məbləği idi. Maraqlısı odur ki, nə Harris, nə onun xanımı oyun hərisi deyillər. Bundan əlavə onlar lotereyanı sadəcə maraq xətrinə almış, oyunun gedişini isə izləməmişlər. Onların pul udduğundan ilk xəbər tutan isə qızları olub. Uduşdan sora Harris zavodda işdən çıxır və bəyan edir ki “xoşbəxt həyata” başlamaq niyyətindədir. Ilk növbədə ailə özünə ev, daha sonra avtomobil almaq planladırır, əlbəttə onlar çalışacaqlar ki, öz uşaqlarına mümkün qədər daha yaxşı təhsil verə bilsinlər.

Xoşbəxtlik quşu heç də hamının qapısına qonmur, siz fikirləşəcəksiniz. Amma bəlli olmaz. Harrislər ailəsinin bundan sonrakı taleyinin necə olacağı naməlum və sirdir. Hələ bilinmir ki, onlar belə böyük pullara hazırdırlar ya yox? Ev, maşın bütün bunlar böyük və ciddi xərclərdir, həm də bir dəflik deyil. Vergi, benzin, sığorta, xidmət haqqı –bütün bunlar uzun müddət ərzində davamlı şəkildə Harrislərin pulunu yeyəcək. Əgər onlar özlərinə çox bahalı həyat tərzi seçsələr, onda bu pulun qurtarması üçün elə də çox gözləməyə ehtiyac olmayacaq, onlar tezliklə əvvəlki vəziyyətlərinə qayıdacaqlar. Əlbəttə belə bir ehtimal var ki, onlar heç də çox dəbdəbəli yox, yaxşı, etibarlı xudmani bir ev alacaq, pulun bir hissəsini övladların təhsilinə sərf edəcək, qalan hissəsini isə müxtəlif fondlara və ya səhmlərə investisiya edəcəklər. İnanmaq istərdik ki, məhz belə olacaq. Bu gün isə biz söhbəti lotereyada pul, udub lakin onun ağırlığı altında tab gətirə bilməyən insanlardan edəcəyik. Onlar belə məbləğlərə sadəcə hazır deyildilər. Belə bir əhvalatlardan birini sizə təqdim edirik.

2002-ci ilin dekabrında ABŞ-ın ən populyar «Pauerboll» lotereyasında cekpotun məbləği 315 milyon dollar təşkil edirdi. Milyonlarla amerikalı dəlicəsinə bilet alırdı. Biletlərin satıldığı məntəqələrin yanında hətta polislər də dayanırdı ki, heç bir anlaşılmazlığa yol verilməsin. 26 dekabrda isə qalibin adı açıqlandı. O uğurlu biletin sahibi Qərbi Virciniyadan olan iş adamı Cek Uittaker idi. Həmin an Uittaker heç də kasıb adam deyildi. Onun özünün çox da böyük olmayan inşaat firması var idi. Düzdür demək olmaz ki, o tamamı ilə təmin olunmuşdu, Cek hətta milyonçu da deyildi.

Amma 315 milyon dollar bütöv şəkildə almaq Uittakerə qismət olmadı. Qanuna görə lotereya uduşunu 20-25 il ərzində hissə-hissə götürmək olardı. Əlbəttə ki, pulları dərhal almaq imkanı da var idi, amma bu halda sizin əlinizə 315 milyon dollar əvəzinə cəmi 115 milyon çatacaqdı (bunu çox maraqlı sxem əsasında həyata keçirilər. Siz hansısa bir firmadan 115 milyon dollar məbləği alırsınız, bunun əvəzində udduğunuz məbləği  götürmək hüququnu həmin firmaya ötürürsünüz.) Uittaker elə belə də etdi

Ilk olaraq o bildirdi ki, bu pulu bütün ailəsi, kilsə və biznesi arasında bölüşdürmək niyyətindədir. Cek xeyriyyəçi idi, o daima ehtiyacı olanlara kömək etməyə çalışırdı. Qısa müddət ərzində belə böyük məbləğ əldə etdikdən sonra, o dərhal hərəkətə keçməyə başladı. Ilk öncə o, Virciniya ştatında yeni kilsələrin tikintisinə 5 milyon dollar ianə etdi. Həmçinin o, özünün xeyriyyə fondunu təşkil etdi, fond  mütəmadi olaraq ehtiyacı olan insanların geyim, qida, təhsil, səhiyyə xərcləri üçün bir neçə yüz min dollar pul sərf edirdi.

Bundan əlavə Cek yaşadığı şəhərin xüsusi fərqlənmiş sakinlərinə ya ev, ya da avtomobil şəklində bahalı hədiyyələr edir, bundan ötrü iri məbləğlər ayırırdı. Təbii ki, Cek nə müqəddəs idi, nə də rahib, ona görə də qızlara, əyləncələrə, içki və barlara da çoxlu pul sovurdu. 2003-cu ildə isə Cek Uittakeri ilk dəfə qarət edirlər. Onun avtomobilindən 500 min dollar çıxarırlar. Çox tezliklə polis cinayətkarları yaxalayır. Amma bütün bunlar sadəcə başlanğıc idi. Cəmi yarım ildən sonra Uittakeri demək olar ki, hər həftə soyurdular. Xinton şəhərinin sakinləri Ceki məhkəməyə verməyə başlayır. Qadınlar deyirdi ki, guya ki, Cek onlara təcavüz etməyə çalışıb, kişilər isə onu zor tətbiq etməkdə və onları döyməkdə ittiham edirdilər. Hamı ondan yağlı bir tikə qoparmağa çalışırdı. Hətta bir zaman onun kömək etdiyi insanlar belə ona qarşı minnətdarlıq hissi daşımırdı.

Cek özü isə çox içməyə başlayır. Bir neçə dəfə isə anlaqsız vəziyyətdə avtomobil idarə etdiyinə görə polis tərəfindən saxlanılır, onun üzərində silah aşkar olunur. 2003-2004-cü illərdə Uittaker demək olar bütün var-dövlətini havaya sovurur, onun xeyriyyəçilik fondu isə bağlanmaq məcburiyyətində qalır. Onun inşaat biznesi isə pərən-pərən olur. Insanlar demək olar ki, hərəsi ondan bacardığı qədər qoparmağa çalışır. O qabaqcıl xeyriyyəçidən adi bir içki düşkününə çevrilir. Əlbəttə ki, onun şəxsi həyatı da dağılır. O, uşaqlarını ataraq, xanımı ilə boşanır.

Hətta ağıllı və xeyirxah insanı da əgər zənginlik gözlənilməz və hazırlıqsız yaxalayırsa, bu onun başına böyük fəlakətlər aça bilər. Cek işgüzar insan idi, onun öz biznesi də vardı. O çox müsbət insan idi, onun xeyriyyəçiliyi də nəyə istəsən dəyərdi. Amma bütün bunlar ona kömək etmir. Cəld əldə olunan pullar heç də öz sahiblərinə həmişə xeyir vermir. Siz hələ də bir gün yolda bir neçə milyon pul tapmağa ümid edir və cəld varlanmağı arzu edirsiniz? Unudun bunu.  Əmin olun ki, bu sizə yaxşı heç nə gətirməyəcək. Yaxşı olar ki, hər bir dollarınızı asta-asta özünüz qazanasınız.

Son xəbərlər
 ⁠
Digər xəbərlər