Almaniyanın “Lufthansa” aviaşirkəti 2020-ci ilin sonunadək 29 min işçisini ixtisar etməyi planlaşdırır.
Banker.az bu barədə xarici mətbuata əsasən xəbər verir.
Koronavirus pandemiyası səbəbindən uçuşlara tələbatın azalması səbəbindən sərnişin daşıyıcı bu cür sərt tədbirlər görməyə məcburdur.
Bildirildiyi kimi, ixtisarların böyük hissəsi Almaniyadan kənarda çalışan işçilərə təsir edəcək – xarici personal 20 min nəfər azaldılacaq. Eyni zamanda şirkət “LSG” şöbəsini satmağı planlaşdırır. Orada təxminən 7500 nəfərin çalışdığını nəzərə alsaq, “Lufthansa”nın ümumi işçilərinin sayı 109 min nəfərədək azaldılacaq.
Şirkət hava yolları sənayesinin yalnız 2025-ci ilə qədər böhrandan əvvəlki səviyyəyə dönəcəyinə və bu səbəbdən ixtisarların davam edə biləcəyinə inanır. “Bild am Sonntag” qəzetinin məlumatına görə, 2021-ci ildə “Lufthansa” daha 10 min işçini ixtisar etməyə hazırlaşır.
Bununla yanaşı, mənbələr alman hökumətinin 2020-ci ilin may ayında yardım olaraq şirkətə ayırdığı 9 milyard avrodan 3 milyard avronun artıq xərcləndiyini qeyd edirlər.
Xatırladaq ki, “Lufthansa Group” – dünyanın ən böyük aviadaşıyıclarından biridir. Qrup özündə “Swiss International Airlines” və “Austrian Airlines” kimi iri şirkətləri birləşdirir. 2018-ci ilin nəticələrinə görə, “Lufthansa” Avropanın ən böyük aviaşirkəti olub.