Karbon emissiyalarına əsaslanan iqtisadiyyatdan ən çox fayda götürən ölkələr zəngin ölkələrdir. İndi isə onlar iqlim dəyişikliyi ilə mübarizə aparmaq və öz öhdəliklərini yerinə yetirmək məsuliyyətini üzərlərinə götürməlidirlər. Bunu Braziliya prezidenti Luis İnasiu Lula da Silva bildirib.
“Bu böhrana birlikdə qarşı durmaq üçün bizə maliyyə resursları lazımdır. Və biz etiraf etməliyik ki, ümumi, lakin fərqləndirilmiş məsuliyyət prinsipi hər bir iqlim sazişinin dəyişməz əsası olaraq qalmalıdır”, — deyə Braziliya prezidenti vurğulayıb.
Lula da Silva əlavə edib ki, Qlobal Cənub resurslara çıxışın genişləndirilməsini xeyriyyə məqsədi ilə deyil, ədalət naminə tələb edir. O həmçinin qeyd edib ki, Braziliya son iki il ərzində Amazon meşələrinin qırılmasını iki dəfə azaldıb, bu da göstərir ki, iqlim dəyişikliyi ilə bağlı real tədbirlər mümkün və nəticəlidir.







