34 C
Baku
Wednesday, August 17, 2022

Məhkəmə milyarder Əhmədovun oğlunun məktublarının mətnini “Google”dan tələb edib

Amerikanın San-Xose Şəhər Məhkəməsi “Google”dan milyarder Fərhad Əhmədovun oğlu Teymur Əhmədovun elektron poçt məktublarının mətnini tələb edib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qərar Fərhad Əhmədov ilə keçmiş həyat yoldaşından 450 milyon funt sterlinq (601 milyon dollar) almaq istəyən Tatyana arasında gedən məhkəmə prosesi çərçivəsində verilib.

Tatyana Əhmədova oğlunu atasına aktivlərinin bir hissəsini ondan gizlətməyə kömək etməkdə günahlandırır. Elektron məktublarda olan məlumatlar Teymur Əhmədovun bu işdə iştirak edib-etməməsini müəyyənləşdirməyə kömək edəcək. Əgər Tatyananın irəli sürdüyü fərziyyə təsdiqlənsə, məhkəmə onun tərəfində olacaq.

Hakimin qərarına uyğun olaraq Tatyana Əhmədovaya oğlunun elektron poçtuna giriş hüququ verilib. Bununla yanaşı qeyd olunur ki, məktublarla bağlı açıqlanan məlumatlar məhkəmənin tələb etdiyi həddi aşmamalıdır.

“Google” isə iddia edir ki, ABŞ qanunları istifadəçinin razılığı olmadan elektron məktubların mətnini açıqlamağa icazə vermir. Şirkətin vəkili Juli Şvarts zəruri səbəb olmadığı təqdirdə, “Google”un qanun qarşısında məsuliyyət daşıdığını söyləyib.

Xatırladaq ki, hələ oktyabr ayında London məhkəməsi Teymur Əhmədovun Hyde Park-dakı mənzilində axtarışın aparılmasına icazə vermişdir. Məhkəmə qərarında onun istintaq prosesi üçün “həyati vacib olan məlumatları qəsdən məhv etməsi” bildirilib.

Əhmədovlar arasındakı məhkəmə mübahisəsi bir neçə ildir ki, davam edir. London məhkəməsinin qərarına əsasən, Fərhad Əhmədov keçmiş həyat yoldaşı Tatyana Əhmədovaya 453 milyon funt sterlinq (584 milyon dollar) ödəməlidir. Bu təzminat İngiltərədə yeni rekord olub. Fərhad Əhmədov təzminatı ödəməkdən imtina edərək, bu məsələdə axıra kimi mübarizə aparacığını söyləyib.

Son xəbərlər
Oxşar xəbərlər