Məqsədləriniz haradan qaynaqlanır?

Bir neçə həftə əvvəl ənənəvi məqsədlərdən və hər gün təyin etdiyimiz əhəmiyyətsiz göstəricilərdən danışmışdıq. Bəzi oxucular bu fikirlə razılaşırlar, bəziləri isə – yox. Qarşıya məqsəd qoyan və onların şəxsiyyətlərinə uyğun olmasını istəyən insanlardan soruşmaq istəyirik: sizcə, məqsədlər haradan qaynaqlanır?

Mədəniyyətimiz standart hədəflər təklif edir:

– İnanılmaz dərəcədə atletik olmaq.

– Çoxlu pul qazanmaq. Bəlkə də, milyonlar.

– Daha rahat şəraitdə yaşamaq üçün böyük ev almaq.

– Bu ev üçün çoxlu əşyalar almaq – yeni texnologiyalar və dəbli mebel.

– Məşhur olmaq. Və ya öz sahəndə hörmət qazanmaq.

… Siyahını sonsuz olaraq davam etdirmək olar.

Bu hədəflərə çatmaq üçün standart ssenarilər və doğru yolda olduğunuzu bildirən bir çox məqam mövcuddur. Orta məktəbi bitirmək, kollecə və ya universitetə qəbul olmaq, diplom almaq, daha sonra isə işə düzəlmək. Həqiqi sevgini tapmaq, əmək haqqının bir hissəsini pensiya hesabına qoymaq, evlənmək, ev almaq və dünyaya uşaq gətirmək. Uşaqlar böyüdükdən və evdən ayrıldıqdan sonra rahatlamaq və, nəhayət, o biri dünyaya köçmək. Bu qaydaları dəyişdirməyə çalışsanız, sizə ekssentrik insan deyəcəklər. Və əksinə, onlara qarşı çıxsanız, radikal olacaqsınız.

Bizi səhv başa düşməyin: sizi təcrid olunmuş otaqda qalmağa, dünyəvi şeylərdən və ya müvəffəqiyyət təşviqindən imtina etməyə çağırmırıq. Lakin bu standart hədəflərin sizin üçün uğun olub-olmadığını düşünməlisiniz. Onların sizə uyğun olduğuna qərar versəniz, ən azından bu haqda fəal şəkildə düşünüb dəqiq qərar vermiş olacaqsınız.

Bir çox insan standart hədəfləri hər şeydən dəyərli hesab edir. Bu düşüncə tərzi insanları daha çox şeyə can atmağa vadar edir: daha çox fitnes, daha çox pul, daha böyük ev, daha çox mülkiyyət, daha çox şöhrət, daha çox məhsuldarlıq, daha çox xoşbəxtlik.

Bu meyl mədəni dəyər və normalara o qədər dərindən köklənib ki, biz bunu hiss etmirik. Əlbəttə ki, sahib olduğumuz hər şeydə daha çoxunu istəyirik. Niyə istəməyək ki?

Lakin belə dünyagörüşü ilə hədəflərlə bağlı bir problem ortaya çıxır: onların son nöqtəsi yoxdur. Və daha çox şeyə nail olmaq istəyi tələyə çevrilir. Bizim fikrimizcə, son nöqtəsi olmayan hədəflərə can atmaq – vaxt itkisidir.

Özünüzü hər şeydən kənarlaşdırın və əslində daha çox pula deyil, daha çox maliyyə azadlığına ehtiyacınız olduğunu görəcəksiniz. Bəlkə də, daha böyük evə deyil, ailənizə uyğun olan evə ehtiyacınız var. Bəlkə də, düşündükdən sonra daha atletik olmaq istəmədiyinizi, sadəcə düzgün yemək vərdişlərini inkişaf etdirməyə meylli olduğunuzu başa düşəcəksiniz. Bununla yanaşı, bəzən yağda qızardılmış yeməklər yeyə biləcəksiniz. Göstəricilərə yönəlmiş hədəflərdən fərqli olaraq, bu istəklərin son nöqtəsi var.

Hər kəs fərqlidir – hamımız fərqli dəyər sistemlərində böyümüşük və yaşayırıq. Prinsipcə hər kəs standart ssenari seçə bilər. Lakin dəyərlərinizin cəmiyyətin gözləntiləri ilə üst-üstə düşməməsi ehtimalı var.

Hədəflərinizi təyin edən dəyərlər sizdən qaynaqlanmalıdır.

Axına qarşı üzmək və standart ssenaridən imtina etmək həmişə asan olmur və dərin təhlil tələb edir. Siz hətta günahkarlıq, şübhə, narahatlıq və digər mənfi duyğularla qarşılaşa bilərsiniz. Lakin standart yanaşmaları şübhə altına alaraq, həqiqətən də istəklərinizlə harmoniyada yaşaya bilərsiniz.

Bu və ya digər şəkildə bunu düşünməyə dəyər. Standart ssenarini qəbul edərək, özünüzə aid olmayan bir həyatı yaşamağa risk edəcəksiniz. Və, bəlkə də, sonradan peşman olacaqsınız.

Hədəflərin haradan qaynaqlandığını düşünmək – təkcə onları təyin etməyin yolu deyil, həm də olduğunuz şəxslə razılaşmaq üçün bir fürsətdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.