1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Mərkəzi Bank: 2021-ci ildə maliyyə-bank sisteminə etimadın qorunması prioritetimiz olub

2021-ci ildə də ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması Azərbaycan Mərkəzi Bankının fəaliyyətinin başlıca prioritetlərini təşkil etmişdir.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir.

Qeyd edilir ki, cari ilin ikinci yarısından dünyanın əksər ölkələrində olduğu kimi ölkədə inflyasiya təzyiqləri artsa da, ümumilikdə makroiqtisadi sabitlik təmin olunmuşdur. İnflyasiyanın xarici fonunun əhəmiyyətli pisləşməsi  şəraitində inflyasiyanın formalaşmasında xarici və daxili qeyri-monetar amillərin müəyyənedici rolunu nəzərə almaqla Azərbaycan Mərkəzi Bankının pul siyasəti monetar şərait və inflyasiya gözləntilərini idarə etmək vasitəsilə bu amillərin təsirinin yumşaldılmasına yönəldilmişdir.

Cari ildə yüksək neft qiymətləri, qeyri-neft ixracının əhəmiyyətli artımı şəraitində ölkənin profisitli ticarət və tədiyə balansının formalaşması milli valyutanın məzənnəsinin sabitliyinin qorunmasına və ilin yekunlarına görə strateji valyuta ehtiyatlarının artmasına imkan vermişdir. Valyuta bazarının tarazlığı şəraitində məzənnə sabitliyi xarici mühitdən gələn inflyasiyanın əhəmiyyətli balanslaşmasına şərait yaratmışdır.

2021-ci ildə Mərkəzi Bankın maliyyə sabitliyi siyasətində əsas prioritetləri maliyyə-bank sisteminə etimadın qorunması, risklərin minimallaşdırılması, maliyyə sektorunda idarəetmə potensialının və şoklara qarşı dayanıqlığın artırılması təşkil etmişdir. Həyata keçirilən requlyativ siyasət və risk-əsaslı nəzarət çərçivəsi maliyyə sektorunun, o cümlədən maliyyə bazarlarının müxtəlif seqmentlərinin stabil fəaliyyətinin davam etdirilməsinə imkan vermişdir.

2021-ci ildə real sektorun maliyyə resurslarına çıxışının genişləndirilməsinə də nail olunmuşdur. Pandemiya şəraitində biznesin kreditləşməsi üzrə ikirəqəmli artım tempi və qiymətli kağızlar bazarında müşahidə olunan yüksək aktivlik iqtisadi artımın maliyyələşmə imkanlarını genişləndirmiş, maliyyə sektorunun dərinliyi cari ildə daha da yüksəldilmişdir.

2022-ci ildə də Mərkəzi Bankın pul siyasəti ölkədə dayanıqlı qiymət sabitliyinin təmin olunmasına, inflyasiyanın elan edilmiş hədəf çərçivəsinə qaytarılması və dayanıqlı lövbərləşməsinə yönəldiləcəkdir. Baza proqnozlara görə yüksək dəyişkənliyə malik, xarici qeyri-monetar amillər hesabına formalaşan inflyasiyanın növbəti ilin sonuna hədəf diapazonunun yuxarı həddinə yaxınlaşacağı gözlənilir.

Proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı 2022-ci ildə də daxili valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyəcəkdir.

2022-ci ildə də Mərkəzi Bank maliyyə sektorunun sabitliyinin təmin olunması, maliyyə inklüzivliyinin genişləndirilməsi, sığorta və kapital bazarlarının dərinliyinin artırılması, milli ödəniş sisteminin təhlükəsiz, fasiləsiz və davamlı fəaliyyətinin təmin edilməsini diqqət mərkəzində saxlayacaqdır.

2022-ci il və ortamüddətli strateji dövrdə də Mərkəzi Bankın əsas prioritetlərindən biri kommunikasiyasının  effektivliyinin və əhatəliyinin genişləndirilməsi olacaqdır. Bu, həm  iqtisadi subyektlərin gözləntilərinin effektiv idarə olunmasına, həm də makroiqtisadi koordinasiyanın effektivliyinin daha da gücləndirilməsinə imkan verəcəkdir.

Son xəbərlər
Oxşar xəbərlər