21 C
Baku
Monday, May 20, 2024

Mərkəzi Bank “Azsığorta” ilə bağlı qərar verdi: lisenziya məhdudlaşdırıldı

Azərbaycan Mərkəzi Bankı “Azsığorta” ASC-nin lisenziyasını məhdudlaşdırıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.

AMB-dən bildiriblər ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVİSMS) növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə “Azsığorta” ASC sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 15 sentyabr 2022-ci il tarixindən məhdudlaşdırılıb.

Həmçinin Qanunun 105.3-cü və 105.4-cü maddələrinə müvafiq olaraq sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir və sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək və ya onlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirməlidir.

Bir qədər öncə “Azsığorta” ASC açıqladı ki,  biznes strategiyasında dəyişiklik edir, onlar artıq aqrar və əmlak sığortası üzrə satışı genişləndirəcəklər.

Sığortaçı yeni strategiya ilə daha çox aqrar sığortaya fokuslanmağı, o həmçinin tarixində daha çox üstünlük verdiyi əmlak sığortası üzrə portfelini genişləndirməyi hədəfləyəcək.

“Azsığorta” Direktorlar Şurası, avqustun 9-da biznes strategiyasında dəyişiklik etməklə Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası üzrə satışlarını dayandırmaq qərarına gəlib.

Açıqlamada qeyd edilir ki, bu barədə tənzimləyici Azərbaycan Mərkəzi Bankına müvafiq qaydada məlumatlandırılıb.

“Əlbəttə, “Azsığorta” qüvvədə olan bütün sığorta polisləri üzrə öhdəliklərini tam şəkildə yerinə yetirəcək”- deyə, şirkət qeyd edir.

Son həftədə Banker.az-a bu şirkətin icbari avtosığorta üzrə müqavilə bağlamaqdan imtina etməsi ilə bağlı bir sıra şikayətlər daxil olmuşdu. Araşdırma zamanı məlum oldu ki, daxilindəki əməkdaşlar “daxili sistemdə” problemlərin olmasını əsas gətirərək, yeni müqavilə imzalanmasının mümkün olmadığını bildirmişdilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər