27 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank bu səbəbdən bazarda “müdaxilələrə zərurət yarana bilər” deyir

Azərbaycanda faktiki inflyasiyanın azalmasına baxmayaraq qlobal iqtisadiyyatda qeyri-müəyyənlik şəraitinin davam etməsi və məcmu tələbin izafi genişlənməsi riski inflyasiyaya təsir imkanlarını saxlayır.

Bunu Banker.az AMB-nin press-relizinə istinad edir.

İqlim dəyişiklikləri ilə bağlı orta temperaturun gözləniləndən daha çox artması, geosiyasi gərginliklər fonunda dünya iqtisadiyyatının bloklara ayrılmasının dərinləşməsi əmtəə, xüsusilə də ərzaq və enerji qiymətlərinin yenidən artmasına səbəb ola bilər. Beynəlxalq Valyuta Fondunun son hesabatına əsasən inflyasiya hədəfini elan etmiş iqtisadiyyatların 2023-cü ildə 96%-də, 2024-cü ildə isə 89%-də inflyasiyanın hədəfdən yuxarı olacağı proqnozlaşdırılır.

Təklifin tələbi kəskin üstələməsi şəraitində valyuta bazarında tarazlığı təmin etmək üçün əsasən fiskal əməliyyatlarla əlaqədar Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxiləsinin artmasına zərurət yarana bilər. Bu isə pul təklifinin izafi genişlənməsinə səbəb olmaqla inflyasiyaya artırıcı təsir edəcək başlıca daxili risk hesab oluna bilər.

Ümumilikdə, inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır.

Bununla belə bildirilir ki, Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində fəaliyyətini davam etdirir. Məqsəd monetar şəraitin sərtləşdirilməsi ilə məcmu tələbin izafi artımının məhdudlaşdırılması olub.

Banklar avqust ayından başlayaraq məcburi ehtiyatları yeni normalarla saxlamağa başlayıb ki, bununla da manatla təqribən əlavə olaraq 350 mln. manat həcmində izafi vəsait sterilizasiya edilib. Eyni zamanda bank sistemində likvidliyi tənzimləmək üçün müxtəlif müddətli notlarla müntəzəm hərraclar davam etdirilir. Ümumilikdə, Mərkəzi Bank 8 ayda 93 müxtəlif müddətli not hərracı keçirmişdir. Faiz dəhlizinə dair qərarlar və likvidliyin dəyişimi pul bazarında əməliyyatlar üzrə orta faiz dərəcələrinə təsir edir. 8 ayda banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri (xüsusən də 1D AZIR və 1W AINAIB indeksləri) faiz dəhlizinin dəyişiminə reaksiya vermişlər. Aparılmış təhlillər göstərir ki, müəyyən bank qrupları üzrə banklararası faizlərlə hüquqi şəxslərin manatla depozitləri üzrə faizlər eyni istiqamətdə dəyişir.

“Ümumilikdə, monetar şəraitin sərtləşdirilməsi bank sektorunda milli valyutada depozitlərin artımını dəstəkləməklə yanaşı de-dollarlaşma prosesinə töhfə verməkdədir”- deyə, relizdə bildilir.

Son xəbərlər
Digər xəbərlər