Mərkəzi Bank iki BOKT-nin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı “Fintrend” və “T-Kredit” bank olmayan kredit təşkilatlarının lisenziyalarını ləğv edib. “Fintrend” üzrə qərar prudensial tələblərin pozulması və təhrif olunmuş hesabatların təqdim edilməsi, “T-Kredit” üzrə isə təşkilatın öz müraciəti ilə bağlıdır.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, qərarlar İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli iclasında qəbul olunub.

Qərarla “Fintrend” BOKT MMC-yə 5 iyun 2014-cü ildə verilmiş BKT-24 nömrəli lisenziya ləğv edilib. Tənzimləyici təşkilatın prudensial tələblərə riayət etmədiyini və Mərkəzi Banka təhrif olunmuş hesabatlar təqdim etdiyini bildirib.

2014-cü ildə yaradılmış “Fintrend”in nizamnamə kapitalı 5 milyon manatdır. Açıqlanmış son məlumatlara görə, təşkilatın paylarının 95%-i “Pro Trade Logistics DMCC” şirkətinə, 5%-i Sahib Əliyevə məxsusdur. Direktoru Sevinc Qəmbərova Azər qızıdır.

“Fintrend”in 2025-ci il üzrə açıqladığı maliyyə göstəricilərinə əsasən, xalis mənfəəti illik müqayisədə 44,8% azalaraq 1,129 milyon manat olub. İlin sonunda aktivləri 27,8% artaraq 90,791 milyon manata, kredit portfeli isə 18,9% böyüyərək 83,206 milyon manata çatıb.

“T-Kredit” BOKT MMC-nin lisenziyası isə təqdim etdiyi ərizə əsasında ləğv olunub. Təşkilata BKT-51 nömrəli lisenziya bu il iyulun 28-də verilmişdi. Beləliklə, lisenziya verilməsindən təxminən iki ay sonra onun ləğvi barədə qərar qəbul edilib.

“T-Kredit” “Bank BTB”nin bank olmayan kredit təşkilatına çevrilməsi nəticəsində yaranıb və bankın hüquqi varisidir. Mərkəzi Bank iyulun 27-də “Bank BTB”nin bank lisenziyasını ləğv etmişdi. Vergi reyestrinə əsasən, “T-Kredit”in nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi Vüqar Rəfiyev Səxavət oğludur.

Çevrilmədən əvvəl “Bank BTB”nin açıqlanmış səhmdar strukturunda Nigar Mehdiyeva 76,74%, Rza Sadiq 17,68%, Tükəzban Mahmudova isə 5,58% paya malik olub. Bu bölgü bank dövrünə aid məlumatları əks etdirir.

Mərkəzi Bankın açıqlamasına görə, qanunvericiliyə əsasən, BOKT lisenziyanın ləğvi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən edilmiş qaydada ləğv edilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər