Hərrac keçirildi, Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı açıqlama yaydı

10 iyun 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 30.6 mln.ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirirlər.

AMB-dən deyirlər ki, cari ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli azalmaqdadır. Cari ilin II rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olmuşdur.

“Yaranmış meyllər dünyada COVID-19 virusuna qarşı uğurla həyata keçirilən vaksinasiya proqramları fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontrtsiklik makroiqtisadi siyasətdən təsirlənir”.

AMB bildirib ki, hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 mln.ABŞ dolları təşkil edir. İlkin qiymətləndirmələrə görə 2021-ci ilin I rübündə ölkənin cari əməliyyatlar balansında ÜDM-in 5.6%-i həcmində profisit olmuşdur. Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.