28 C
Baku
Wednesday, July 24, 2024

Mərkəzi Bank nizamnamə kapitalını niyə artırdı?

“Bu addımın atılması təbiidir”.

Azərbaycan Mərkəzi Bankının kapitallaşdırılması 10 milyon manatdan yarım milyard manata çatdırılır.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilir.

Layihə Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

Sual yaranır? Bu addım nə üçün atılır?

Oxu.Az bu suala cavab tapmaq üçün yerli ekspertlərin fikirlərini öyrənib.

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, bu addımın atılması mövcud situasiyada təbiidir:

“Bu addımın atılması təbiidir. Məlumdur ki, AMB özü artıq neçə müddət idi ki, kommersiya banklarının sözügedən sahədə mövcud imkanlarının artırılması qayğısına qalırdı. Başqa sözlə desək, bankların nizamnamə kapitallarına qoyulan tələbin 50 milyon manata çatdırılması irəli sürülmüşdü. Və onu da xatırladaq ki, sözügedən limitə nail olmaları üçün AMB kommersiya banklarına güzəştə gedərək bir neçə dəfə bunun üçün vaxtı uzatdı.

Son vaxtlar isə AMB-nin özünün mövqeyini möhkəmlətmək və imkanlarını artırmaq tələbi ortaya çıxmışdır. Məlumdur ki, AMB bank sektorunu tənzimləyici orqandır. Ölkədə kommersiya banklarının nizamnamə kapitallarına qoyulan tələbin 50 milyon manata çatdırılmasından sonra AMB-in də bu sahədə norması yüksəldilməlidir. Bundan əlavə, hazırda manatın devalvasiyasından sonra bank sistemində vəziyyət olduqca mürəkkəbdir. Və bu nöqteyi-nəzərdən AMB-nin üzərinə düşən yük bir az da artıb. Yaranmış situasiyada ölkədə Mərkəzi Bankın maliyyə imkanlarında dayanıqlığın artırılması zəruridir və olduqca mühüm şərtdir”.

Öz növbəsində, iqtisadçı-ekspert Rəşad Həsənov isə düşünür ki, bu addımın atılması AMB-nin dayanıqlığının artırılması məqsədi daşıyır:

“Düşünürəm ki, bu addımın atılması Mərkəzi Bankın dayanıqlığını artırmaq məqsədi daşıyır, eyni zamanda AMB növbəti dövrlər üçün ölkədə valyuta sabitliyini qorumaq məqsədilə böyük ehtimalla borclanmaya gedəcəkdir. Çünki bildiyiniz kimi son dövrlər AMB-nin bu istiqamətdə xərcləri kifayət qədər artıb. Belə olduğu təqdirdə də valyuta ehtiyatlarının sürətlə əriməsinin qarşısını almağın yeganə yollarından biri də məhz xarici borclanmaya getməkdir.

Xarici borclanmaya gedəcəksə təbiidir ki, bu zaman AMB özünün likvidlik eyni zamanda, kredit qaytarma gücünü, reytinqini dünya maliyyə institutlarına sübut etməlidir və öz kapitalını standartlara uyğunlaşdırmalıdır. Düşünürəm ki, atılan addım sırf bu məqsədə yönəlib. Növbəti dövrlərdə ola bilsin ki, yaxın gələcəkdə bu istiqamətdə qərar verilsin, hətta sonrakı dövrlərdə həcmin artırılması da müşahidə edilə bilər” – deyə, ekspert qeyd edib.

Son xəbərlər
Digər xəbərlər