-1 C
Baku
Friday, March 1, 2024

Mərkəzi Bank Prezidentin təsdiqlədiyi qanuna şərh verdi

Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası, o cümlədən qiymətli kağızların kütləvi təklifinin və fond birjasında listinqin stimullaşdırılması üzrə davamlı tədbirlər həyata keçirilir. Növbəti tədbir kimi qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.

Dəyişikliklərə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilir.

Requlyator bildidir ki, bu güzəştin məqsədi qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsinin stimullaşdırılması və tənzimlənən bazarda ticarət edilən qiymətli kağızlara marağın artırılmasıdır.

Digər dəyişiklik istiqrazlar üzrə ödənilən diskont və faiz gəlirlərindən verginin hesablanması qaydasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və əsas meyar kimi istiqraz mülkiyyətiçisinin həmin istiqraza malik olduğu günlərin sayının nəzərə alınmasıdır. Bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini stimullaşdıracaq. Eyni zamanda hüquqi şəxslər tərəfindən istiqrazlar üzrə əldə edilən faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan edilməsi və ödənilməsi müəyyən edilib.

Bu dəyişikliklərin tətbiqi nəticəsində investisiya qiymətli kağızları olan səhm və istiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsinə və emitentlərin fond birjasında listinqə çıxışına marağın artacağı proqnozlaşdırılır. Qeyd edilən dəyişikliklər birjadankənar bazarın kiçilməsi və fond birjasında bağlanan əqdlərin sayının artması fonunda bazarın şəffaflığının yüksəlməsinə və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.

Son xəbərlər
Digər xəbərlər