23 C
Baku
Thursday, August 11, 2022

“Mərkəzi Bank “qara bazar”ın aradan çıxması üçün bu addıma getdi”

Azərbaycan Mərkəzi Bankın (AMB) təsdiqlədiyi   “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”na əsasən, Azərbaycanda nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin ediləcək.

azerİqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev Modern.az saytına bildirib ki, Mərkəzi Bank “üzən məzənnə” siyasətinə keçməsini elan edəndən sonra bu qərarın veriləcəyi gözlənilən idi:

“Bu gün bazara kifayət qədər valyuta çıxarıla bilmədiyindən ölkədə tələb təklifi üstələyir. Təbii ki, bu halda valyutadəyişmə məntəqələrinə sərbəstlik verilməsə, Mərkəzi Bank tərəfindən limit qoyulsa, bu daha çox “qara bazar”a xidmət edəcək. Mən hesab edirəm ki, indiki halda bu qərarın verilməsi “qara bazar”ın qarşısını almağa və prosesin leqallaşdırılmasına yönələn bir addımdır”.

Ekspert deyib ki, valyuta bazarında tələb təklifi üstələyərsə, bu istər-istəməz valyutadəyişmə məntəqələrində Mərkəzi Bankla müəyyən olunan kurs arasında ciddi fərqin formalaşmasına gətirib çıxara bilər:

“Bu halda ya Mərkəzi Bank valyutadəyişmə məntəqələrində müəyyən olunan kursun dalınca gedərək prosesləri tənzimləməlidir, ya da valyutadəyişmə məntəqələri sırf tələb və təklifdən çıxış edərək satış həyata keçirməlidir. Bu  məqamda valyutadəyişmə məntəqələrinin ajiotaj yaratmaq və ya onun qarşısını almaq iqtidarında olacağı çox önəmlidir.

Hər halda Mərkəzi Bank çalışmalıdır ki, valyutadəyişmə məntəqələrinin prosesdən istifadə edərək manatı daha da dəyərsizləşdirməsinin qarşısını alsın”.

A.Mehtiyevin sözlərinə görə,  bütün hallarda manatın dəyərdən düşmə prosesi davam edəcək:

“Bu qərardan əvvəl də valyutadəyişmə  məntəqələri Mərkəzi Bankın müəyyən etdiyi kursdan çox fərqli satış həyata keçirirdi. Hətta proses “qara bazar”ı da  formalaşdırıb. Ona görə də Mərkəzi Bank “qara bazar”ın aradan çıxması və proseslərin leqallaşdırılması üçün bu addıma gedib. Gedişat göstərir ki, Mərkəzi Bank da tədricən manatın kursunu aşağı salmaqda davam edəcək”.

Son xəbərlər
Oxşar xəbərlər