Mərkəzi Bank ilin ilk iclasını keçirir – Faiz dərəcəsi bu dəfə də endirilə bilər

BANKER.AZ- Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinə görə 2021-ci ilin ilk iclasını bu həftənin sonu, 29 yanvarda gerçəkləşdirəcək.

Mərkəzi Bank koronavirus pandemiyasının yaratdığı iqtisadi böhran müddətində əvvəlki sərt pul siyasətini “kənara qoydu”. Requlyator 9 dəfə bu məqsədlə 2020-ci il ərzində iclas gerçəkləşdirdi, həmin iclasların beşində faiz dərəcəsini 25 baza bəndi azaltmalı olub, dördündə isə gözləmə mövqeyində dayanıb.

AMB 2020-ci ilin son iclasında faiz dərəcəsini azalmaqla bağlı qərarında açıqlamışdı ki, pandemiyanın təsiri ilə xarici və daxili tələbin zəifliyi şəraitində faktiki və proqnozlaşdırılan inflyasiya səviyyəsi qəbul edilmiş hədəf diapazonunun mərkəzindən aşağıda qalır. Requlyatora görə, bu da pul siyasətinin yumşaldılması üçün potensialın mövcud olduğunu göstərir.

Mərkəzi Bank bu qərarı verəndə ölkədə inflyasiya göstəriciləri 2.8% idi. Ölkədə sentyabr ayından bu tərəfə inflyasiya göstəriciləri 0.1% bəndi az olmaqla AMB-nin hədəflədiyi göstərici ilə üst-üstə düşür. Dekabr üzrə istehlak qiymətlərinin indeksində də dəyişmə (2.8%) baş vermədi.

Ötən ilin son faiz iclasında AMB-nin xüsusi qeydi valyuta bazarı ilə bağlı idi. AMB bildirmişdi ki, valyuta bazarında tarazlığın davam etməsi, pul təklifinin və kredit qoyuluşlarının zəif artımı şəraitində qəbul edilən qərar monetar şəraitin yumşaldılmasına yönəldilib. Digər tərəfdən qlobal enerji daşıyıcıları bazarında müşahidə edilən son meyillər, onların 2021-ci ildə də davam etməsi perspektivləri ölkənin xarici mövqeyinin və iqtisadi subyektlərin gözləntilərinin yaxşılaşmasını dəstəkləyə bilər.

Mərkəzi Bankda Dövlət Neft Fondu tərəfindən dekabrda satılan dolların həcmi ötən ilin ikinci ən böyük göstərici oldu. Dekabr ayında 637.8 mln. dollar ekvivalentində valyuta bazara çıxarılmışdı. Lakin, cari ayda isə dolların satış həcmi heç də öncəki aydan geri qalmır. AMB-də yanvarın ilk 6 hərracında 512.9 mln. dollar satılıb (bu dekabrda 400.7 mln. dollar idi) ki, bu da növbəti iki hərracda 120 mln. dollar üzərində valyuta satışı gözləntisi olduğundan yanvarın dekabrı üstələməsi ehtimalları vardır.

AMB-nin toxunduğu enerji bazarındakı qiymətlərlə bağlı gözlənti qeyri-müəyyəndir. Məsələn, yanvar ayının ikinci dekadasında neftə olan qlobal bazardakı tələbin azalması ehtimal hələ ki neftin qiymətini təzyiqdə saxlayır. Azərbaycan nefti son bir ayda 51-dən 57 dollar/barrelə qədər yüksəlib.

İnflyasiya göstəricilərinin AMB-nin hədəflədiyi rəqəmdə olsa da, valyuta bazarı ilə bağlı vəziyyət tam istənilən şəraitdə deyil.

Bazarda yerli analitiklərin Banker.az-a açıqlamasına görə, AMB-nin bundan sonra uçot-faiz dərəclərinin sürətlə düşməsi ehtimalları aşağı düşür. Çünki, faizin aşağı düşürülməsi manat üçün problemlər yarada bilər. Amma, hazırda iqtisadiyyatın kreditləşməyə hazırda daha çox ehtiyacının yaranması, ucuz kreditə tələb yüksəkdir. Bu da öz növbəsində AMB-nin faiz dərəcəsini bir qədər də azaltması ehtimalını artıra bilər. Yerli analitiklər hesab edir ki, kreditləşməni artırmaq üçün hazırda uçot faiz dərəcəsini 6.25%-dən 6%-ə endirmək mümkündür.

Uçot dərəcəsinə dair növbəti qərarlar pandemiyanın təsirləri, iqtisadiyyatın bərpa tempi, daxili və xarici risklərin reallaşması ehtimalları nəzərə alınmaqla qəbul ediləcək.

31 Yanvar 2020-ci il tarixində keçirilmiş iclasda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 7.5%-dən 7.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdi (9% və 5.5%).

19 mart 2020-ci il tarixində keçirilmiş iclasda isə MB-in İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılmışdı. Həmin dövridə artıq Azərbaycan COVID-19 epidemiyasına görə “lockdown”a getməli olmuşdu. MB inflyasiya risklərinə görə uçot dərəcəsinə dair gözləmə mövqeyi tutaraq dəyişməz saxlamışdı.

1 May 2020-ci il tarixində isə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25% və faiz dəhlizinin aşağı həddinin 6.75% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilmişdir.

19 İyun 2020-ci il tarixində Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində müəyyən edilmişdir.

30 iyul 2020-ci il tarixində isə MB-nin İdarə Heyəti uçot dərəcəsinin 7%-dən 6.75%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 7.25% səviyyəsində müəyyən edilmişdir.

18 sentyabr 2020-ci il tarixdə MB rəhbərliyi uçot dərəcəsinin 6.75%-dən 6.5%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilmişdir.

30 oktyabr 2020-ci il tarixində MB-nin İdarə Heyəti uçot dərəcəsinin 6.5% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 7% səviyyəsində saxlanılmışdır.

18 dekabr 2020-ci il tarixdə MB-nin İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 6.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 6.75% səviyyəsində müəyyən edilmişdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.