19 C
Baku
Tuesday, April 16, 2024

Mərkəzi Bankdan banklara daha bir dəstək

Mərkəzi Bank devalvasiyadan zərər çəkmiş banklara dəstək olaraq növbəti addım atdı.

“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na dəyişikliklər edildi. Dəyişikliyə əsasən, 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirilə bilməz.

Bəs, bu addımın banklara faydası nədir?

Ekspert Samir Əliyev bildirir ki, məsələ ondadır, əvvəlki qaydaya görə, restrukturizasiya olunmuş aktivlər standart hesab oluna bilməzdi. Bu o demək idi ki, həmin aktivlər bir başa qeyr-standart, daha doğrusu qeyri-qənaətbəxş aktiv hesab edilməli və buna görə də bank tərəfindən 30% ehtiyat ayrılmalı idi.

Yeni dəyişiklik nəticəsində restrukturizasiya olunmuş aktivlər standart hesab olunacaq, ancaq nəzarət altında olan aktivlər kimi nəzərə alınacaq. Buna görə, bank tərəfindən yaradılan ehtiyatın həcmi 6 dəfə az – 5% olacaq. Deməli, banklar fevralın 23-dən sonra restrukturizasiya olunmuş aktivlərə görə 30% yox, 5% ayıracaq. Bu isə banklara dəyən zərərin azaldılması, bankların kapitalının “əriməsinin” qarşısını alacaq.

Qaydaya görə, bank aktivləri standart və qeyri-standrt aktivlərdən ibarətdir. Standart aktivlər – qənaətbəxş və nəzarət altında olan aktivlərə bölünür. Qeyri-standart aktivlər isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlərdən ibarətdir. Aktivlərin vəziyyəti pisləşdikcə bank tərəfindən ayrılan ehtiyatların həcmi də artır. Qənaətbəxş aktivlərdə ehtiyat ayırmalar 1%, ümidsiz aktivlərdə isə 100%-dir. Bu ayırmalar bankların likvidliyinə mənfi təsir edirdi.

Məlumat üçün bildirək ki, restrukturizasiya olunmuş aktiv – iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilmiş və ya yeni öhdəlik kimi rəsmiləşdirilmiş borc öhdəliyidir.

Son xəbərlər
Digər xəbərlər