28 C
Baku
Saturday, July 27, 2024

AMB kreditləri bahalaşdıran qərarda dəyişiklik etdi

Mərkəzi Bank tərəfindən pul təklifinin daha effektiv tənzimlənməsi, faiz dəhlizinin maliyyə sistemindəki faizlərə təsirinin gücləndirilməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması, habelə de-dollarlaşma meyillərinin stimullaşdırılması üçün məcburi ehtiyat normalarına və onun diferensiallaşdırılmasına yenidən baxmaq zərurəti yaranı.

Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirilir.

Məlumat üçün qeyd edək ki, pul bazası 2022-ci ildə 12.1% artmışdır.

Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 19 dekabr 2022-ci il tarixli 57/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli 60 nömrəli qərarı ilə məcburi ehtiyat normaları aşağıdakı kimi müəyyənləşdirilmişdir:

milli valyutada cəlb edilmiş fiziki şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – fərdi sahibkarlar) depozitləri üzrə 5%;

xarici valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə 6%;

milli valyutada hüquqi şəxslərin depozitləri üzrə:

– milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatadək olan hissəsi üzrə 5%;

– milli valyutada hüquqi şəxslərin depozitlərinin bir milyard manatı üstələyən hissəsi üzrə 10%;

  • xarici valyutada hüquqi şəxslərin depozitləri üzrə:

– xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manat ekvivalentinədək olan hissəsi üzrə 6%;

– xarici valyutada hüquqi şəxslərin depozitlərinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələyən hissəsi üzrə 12%;

 qiymətli metallarda cəlb edilmiş depozitlər üzrə 5%.

Xatırlatma! AMB sədrinin 2022-ci ilin iyuldakı qərarına görə kommersiya banklarında hüquqi və fiziki şəxslərin vəsaitlərinin məcburi ehtiyat normasının manatda olan hissəsini 0.5%-dən 4.0%-ə, xarici valyutada 1.0%-dən 5.0%-ə qaldırılmışdı.

Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində saxlanılmışdır.

Qiymətləndirmələrə görə məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektoru üzrə manatla və xarici valyutada öhdəliklərin maya dəyərinə orta hesabla müvafiq olaraq cəmisi 0.16% və 0.01% artırıcı təsir göstərir.

Qərara alınmışdır ki, 2023-cü ilin yanvar ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (yəni 2023-cü ilin 15 fevral tarixindən) başlayaraq məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar.

Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyat norması qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə, iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyat normasını azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni, 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.

 

Son xəbərlər
Digər xəbərlər