9 C
Baku
Sunday, April 14, 2024

Mərkəzi Bankdan “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”na dair açıqlama

Mərkəzi Bank 2024-2026-cı illərdə “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirməyi hədəfləyir.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının açıqlamasına istinadən xəbər verir.

Bu istiqamətdə mühüm təşəbbüslərdən olan “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” Mərkəzi Bank tərəfindən 31 yanvar 2024-cü il tarixində təsdiq edilərək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.

Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsinin qaydalar toplusunu əks edir. Xüsusi tənzimləmə rejimi meyarlara uyğun gələn və test rejimində aparılan sınağının nəticəsi uğurlu olan məhsulların bazara təqdim olunması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədini daşıyır. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcəkdir. Müqavilənin bağlanması zamanı sınaq müddəti 12 ay olacaqdır.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciətlərin qəbulu 1 may 2024-cü il tarixindən 31 may 2024-cü il tarixinədək davam edəcəkdir.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifə (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkündür.

Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər