3 C
Baku
Sunday, February 5, 2023

Mərkəzi Bankın “AniPay”i ilə əməliyyatların həcmi 3 aydır ki azalır

Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sistemi (AÖS, tətbiqin adı isə AniPay) ilə oktyabr ayında 45.2 milyon manat həcmində əməliyyat həyata keçib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin oktyabr ayına olan göstəricilərinə istinadən xəbər verir.

İlin ilk 10 ayında isə AÖS ilə ödəniş əməliyyatlarının həcmi 418 milyon manat təşkil etməklə 2021-ci ilin eyni müddətini düz iki dəfə üstələmiş olub.

AÖS ödənişləri ilə 2021-ci ilin ilk 10 ayında 199 milyon manatlıq əməliyyat aparılmışdı.

AÖS ilə ödənişlərin həcmi ən yüksək 2021-ci ilin dekabrında 52 mln. manatla qeydə alınmışdı. Cari ilin iyununda AÖS ilə ödənişlərin həcmi yenidən 50 mln. manatın üzərinə qalxsa da, həcmlər son 3 ayda aşağı doğru irəliləyir.

AÖS – Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılıb. Bu əməliyyat sistemi 2020-ci ilin oktyabrından işə düşüb və ötən 25 ay ərzində AÖS ilə cəmi 745.9 milyon manatlıq əməliyyat gerçəkləşib.

344432423322342344

AÖS fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə tam hesablaşmaların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilir. AÖS-ün yaradılmasında əsas məqsəd Azərbaycanda bank və digər bank olmayan ödəniş xidməti təchizatçılarının müştəriləri olan fiziki və hüquqi şəxslər arasında, həmçinin bu şəxslərlə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində aparıla bilməsinin təmin edilməsidir. Bu sistemdə vəsaiti ödəyənlə vəsaiti alan arasında aparılan hesablaşmalar 5-20 saniyə ərzində hər iki tərəfin xəbərdarlıq alması ilə tam başa çatdırılır. Sistemdə aparılan əməliyyatlar üzrə autentifikasiya, avtorizasiya, klirinq və hesablaşmalar vahid tranzaksiya formatında real rejimdə həyata keçirilir.

AÖS-də əməliyyatlar milli valyutada aparılır. Müştəri hesabının milli valyutadan kənar hər hansı valyutada olması halında ödəniş üzrə banklar tərəfindən günün məzənnəsinə uyğun olaraq konvertasiya icra olunur.

Ani Ödənişlər Sistemi üzrə yaradılmış “AniPay” portalı, mobil tətbiq və veb sayt formasında vətandaşların istifadəsinə verilmişdir. Bütün bank hesablarının bir nöqtədən idarə olunduğu bu portal vasitəsi ilə istifadəçilər qeydiyyatdan keçə, hesablararası köçürmə və kommunal və büdcə təşkilatları xeyrinə ödəmələrini, eləcə də QR ödənişlərini sürətli və rahat bir şəkildə icra edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər
X