10 C
Baku
Saturday, March 2, 2024

Mərkəzi Bankın sədri Dünya Bankının regional prezidenti ilə videoformatda görüşdü

Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Anna Byerde ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında videoformatda görüş keçirilib.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Görüş zamanı Mərkəzi Bankın sədri E.Rüstəmov ölkəmiz ilə DB arasında uzunmüddətli strateji əməkdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğuladı. Sonra ölkədə iqtisadi vəziyyətdən, o cümlədən maliyyə sektorunda görülən işlərdən bəhs edərək bildirdi ki, 2020-ci ildə bütün ölkələr kimi Azərbaycan da mürəkkəb çağırışlarla üzləşmişdir. Qlobal bazarlarda baş verən proseslər, neft qiymətlərində volatillik və pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq ötən il ölkəmiz üçün bütövlükdə uğurlu il olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmuşdur.

Hazırda ölkədə yeni nəsil islahatlara start verildiyi və növbəti 10 il üçün müəyyən olunmuş milli prioritetlərin DB ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq üçün yeni istiqamətlər açdığı qeyd olundu. Bildirildi ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına yönəlmişdir. İslahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla, xüsusilə DB ilə əməkdaşlıq daima mühüm rol oynamışdır və əminlik ifadə olundu ki, DB strateji tərəfdaş kimi gələcəkdə də islahatların reallaşdırılmasında Azərbaycana dəstək göstərəcəkdir.

Xanım Byerde öz növbəsində DB-nin Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olmasından öz məmnunluğunu ifadə etdi. Bildirdi ki, 2020-ci il həyata keçirilmiş islahatlar və ölkə iqtisadiyyatı üçün yaranmış təhdidlərlə mübarizə baxımından uğurla yekunlaşmışdır. Ölkə Prezidentinin rəhbərliyi altında müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq yeni iqtisadi strategiya ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəkdir. DB üçün də hazırda ən mühüm əməkdaşlıq istiqaməti yeni strategiyanın formalaşdırılmasına, genişmiqyaslı islahatların həyata keçirilməsinə zəruri dəstəyin göstərilməsidir. Strategiyada müəyyənləşdirilmiş istiqamətlər DB-nin Ölkə Tərəfdaşlıq Çərçivəsinin formalaşdırılmasında da əsas kimi götürülməsi nəzərdə tutulur. Xanım Byerde qeyd etdi ki, DB Maliyyə Sektorunun Qiymətləndirilməsi və Maliyyə Sektorunun Modernizasiyası layihələri çərçivəsində Azərbaycan maliyyə sektorunun inkişafına öz töhfəsini verəcəkdir. Eyni zamanda, rəqəmsal transformasiya ilə bağlı ölkəmizə, o cümlədən Mərkəzi Banka lazımi dəstəyin göstərilməsinə hazırlıq ifadə edildi.

Görüşdə Mərkəzi Bank ilə DB arasında mövcud əməkdaşlıq istiqamətləri, hazırda DB-nin dəstəyi ilə maliyyə sektorunda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparıldı.

Son xəbərlər
Digər xəbərlər