Dünyanın mərkəzi bankları qızıl ehtiyatlarını sürətlə artırmaqla yanaşı, qiymətli metalın saxlanıldığı ölkələri də dəyişməyə başlayıblar. Geosiyasi gərginliyin artması fonunda bəzi ölkələr qızıl ehtiyatlarının bir hissəsini ABŞ-dan Avropaya köçürür.
Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın biznes və maliyyə sahəsində ixtisaslaşmış “Fortune” jurnalı məlumat yayıb.
ABŞ-ın investisiya bankçılığı və aktivlərin idarə edilməsi sahəsində fəaliyyət göstərən “Goldman Sachs”ın hesablamalarına görə, dünya mərkəzi bankları 2026-cı ilin avqustunda təxminən 79 ton qızıl alıblar.
Bu göstərici 2022-ci ildən əvvəlki dövrdə qeydə alınan aylıq orta göstəricidən dörd dəfədən çox yüksəkdir. Həmin dövrdə mərkəzi banklar ayda orta hesabla 17 ton qızıl alırdılar.
“Goldman Sachs”ın mövsümi amillər nəzərə alınmaqla apardığı hesablamalara əsasən, son üç ayda qızıl alışları orta hesabla ayda 85 ton təşkil edib.
Ən böyük alıcılardan biri Çin olub. Bankın qiymətləndirməsinə görə, Çin avqust ayında təxminən 25 ton qızıl alıb.
Analitiklər hesab edirlər ki, Çin və digər inkişaf etməkdə olan ölkələrin qızıl ehtiyatlarını artırması ABŞ dolları və digər G7 valyutalarından asılılığı azaltmaq strategiyası ilə əlaqəlidir.
Lakin mərkəzi bankların fəaliyyəti yalnız qızıl alışları ilə məhdudlaşmır. Ehtiyatların harada saxlanılması da getdikcə daha böyük əhəmiyyət qazanır.
Niderland Mərkəzi Bankı 2026-cı ilin mart-avqust aylarında Nyu-York və Ottavada saxlanılan təxminən 86 ton qızılı Londona köçürüb. Bank bu qərarı geosiyasi qeyri-müəyyənlik və böhran vəziyyətlərinə hazırlığın gücləndirilməsi ilə izah edib.
Fransa Mərkəzi Bankı isə Nyu-Yorkda saxlanılan 129 ton qızılı sataraq Avropada eyni həcmdə qızıl alıb. Bu əməliyyat ölkənin ümumi qızıl ehtiyatlarının təxminən 5%-ni əhatə edib.
“Goldman Sachs”ın məlumatına görə, avqustda Nyu-York Federal Ehtiyat Bankında saxlanılan qızılın həcmi 40 ton azaldığı halda, İngiltərə Bankındakı ehtiyatlar 46 ton artıb.
Eyni zamanda qızılın saxlanıldığı məkanlarla bağlı məlumatların açıqlanmasında ehtiyatlılıq artır. Mərkəzi banklar arasında keçirilmiş sorğuya əsasən, 2026-cı ildə respondentlərin 12%-i qızıl ehtiyatlarının harada saxlanıldığını bildirməkdən imtina edib. Ötən il bu göstərici 10% idi.
Qızıl ehtiyatlarının saxlanıldığı xarici ölkələrin sayını artıran mərkəzi bankların payı isə 2%-dən 10%-ə yüksəlib.
Analitiklərin fikrincə, bu dəyişikliklər qızılın yalnız qiymətli investisiya aktivi deyil, həm də geosiyasi və maliyyə risklərindən qorunma vasitəsi kimi əhəmiyyətinin artdığını göstərir.
Xatırladaq ki, Azərbaycanın Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il sentyabrın 30-na qızıl ehtiyatları 178,1 ton təşkil edib. Bu, Fondun ümumi investisiya portfelinin 32,3%-nə bərabərdir. 2025-ci ilin sonunda 200 ton olan qızıl ehtiyatları cari ilin birinci rübündə 21,9 tonluq satış nəticəsində azalıb. Fond üçüncü rübdə qızıl alqı-satqısı həyata keçirməyib. ARDNF-nin məlumatına görə, alınmış fiziki qızıl Bakıda, Fondun inzibati binasındakı xüsusi xəzinədə saxlanılır.







