26 C
Baku
Monday, June 27, 2022

Məşhur biznesmenlərin özünəməxsus xobbiləri

Bir faktı unutmaq olmaz ki, dünyaca məşhur insanların əksəriyyəti biznes, elm, incəsənət və s. sahələrdə müəyyən zirvələri fəth etməklə bərabər sadə insan olaraq qalmağı bacarırlar. Dahilər də istirahət etməyə və əyləncəyə zaman ayırır.

Beləliklə, məşhurlar hansı özünəməxsus xobbi və əyləncələrə sahibdirlər:

Elon Musk — Ceyms Bond-un pərəstişkarı

O məşhur mühındis, sahibkar, SpaceX, Tesla Motors və PayPal şirkətlərinin yaradıcısı və investordur. Elon Musk kolleksionerlər arasında Ceyms Bond ilə əlaqəli çoxlu sayda predmetlərə və əşyalara sahib olan bir şəxs kimi tanınır. Məsələn, o bu film qəhrəmanının filmdə asanlıqla sualtı qayığa çevrildiyi 1977-ci ilin Lotus Esprit avtomobilinə sahibdir.

Warren Buffet – gitaraçı

Çox az insanın bildiyi kimi, dünyanın ən varlı insanlarından biri olan Buffet Havay gitarası həvəskarıdır. O çoxlu sayda bu musiqi aləti nümunəsinə sahib olmaqla yanaşı, özü də ifa etməyi bacarır və dəfələrlə kütlə qarşısında ifa etməkdən də çəkinməyib.

Bill Gates — kitab oxumaq

Microsoft şirkətinin yaradıcısı dəfələrlə verdiyi müsahibələrində tennis oyununa olan sevgisindən bəhs etmişdir. Lakin bu məşhur biznesmenin əsas ehtirası kitab oxumağa qarşıdır. Bill Gates-in işə götürdüyü xüsusi bir şəxs vardır ki, həmin şəxs onun kitabxanasını nadir kitablarla zənginləşdirir.

Tomas Edison – dietoloq

Demək olar ki, XX əsrin heç bir nailiyyəti bu dahi şəxsin ixtirası və patenti olmadan keçinməyib. Edison teleqraf, telefon, kinoaparat, fonoqraf kimi cihazları ixtira etmiş və yaxud ilkin təməlini qoymuşdur. Bütün kəşflərindən əlavə, bu dahi müxtəlif dietaları və onların insan orqanizminə olan təsirini araşdırmışdır. 1930-cu ildə, Edisonun ölümündən 1 il əvvəl onun həyat yoldaşı verdiyi müsahibəsində bildirmişdi ki, “sağlam qidalanma Edisonun ən başlıca xobbilərindən biridir”.

Henry Ford — texnika muzeyinin yaradıcısı

Avtomobil sənayesinin inkişafına əvəzsiz töhvələr vermiş əfsanəvi amerikalı sahibkar sənaye tarixi ilə yaxından maraqlanırdı. O məşhur binaların, maşınların və heykəllərin real obrazlarını və maketlərini bir məkanda toplamaq üçün iri həcmdə məbləğlər ödəmişdi. 1929-cu ildə Henry Ford Museum adlı açıq səma altında muzeyin açılışı edilir. Bu muzey daha sonradan Greenfield Village adı ilə məşhurlaşır.

Walt Disney — dəmiryolçu

Disney qatarları sevirdi və onun ofisində böyük qatar modeli var idi. Evinin ətrafında isə əsl dəmir yolu stansiyasını xatırladan dəmir yolları konstruksiyası inşa edilmişdi. O öz qonaqlarını böyük məmnuniyyətlə bu qatarlarda gəzintiyə çıxarırdı.

Nikol Tesla — göyərçin həvəskarı

Radio, robot texnikası və generatorun yaradıcısı, ümumilikdə eyni dövrdə yaşadığı insanlar tərəfindən “XX əsri ixtira edən şəxs” adlandırılan Tesla göyərçinləri çox sevirdi. O gəzinti zamanı parkda qarşısına çıxan göyərçinləri yemləyirdi. Özü xəstə olduqda və gəzintiyə gedə bilmədikdə xüsusi bir şəxsi işə götürür və onu quşları yemləmək üçün göndərərdi.

Mark Tsugerberq – hər il xobbi dəyişən insan

Facebook sosial şəbəkəsinin yaradıcısı hər il əyləncə və məşğuliyyətlərini dəyişən bir şəxs olaraq tanınır.

Belə düşünə bilərsiniz ki, bu məşğuliyyətlər məşhurların ancaq gücünü, vaxtını, enerjisini alaraq, əsas işlərinə mane olur. Lakin bu heç də belə deyil. Hətta ən güclü şəxsiyyətlər belə mütəmadi olaraq işdən kənar məşğuliyyətlərə və gücün bərpasına ehtiyac duyurlar. Beləliklə, ən qeyri-ciddi təsir bağışlayan xobbi belə bəzən çox ciddi əhəmiyyətə malik ola bilər.

Son xəbərlər
Oxşar xəbərlər