20 C
Baku
Thursday, May 30, 2024

Məşhur yapon şirkəti investisiyalarla bağlı yeni qərar qəbul edib

Yaponiyanın SoftBank telekommunikasiya şirkəti texnologiya səhmlərinin çökməsindən sonra investisiyala qoyuluşlarını azaldacaq. Şirkətin qurucusu milyarder Masayoşi Son Çindən gələn təzyiq və səhmlərin azalması ilə menecerlərinə yeni göstərişlər verib.

Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

SoftBank-ın təsisçisi Masayoşi Son şirkət rəhbərlərinə gələcəkdəki sərmayələri azaltmaq üçün xəbərdarlıq edib. Dünyanın ən böyük texnologiya sektoru investoru texnologiya paylarının düşməsi və Çinin texnologiya şirkətlərinə artan təzyiq fonunda gəlir əldə etməyə çətinlik çəkir. Yapon milyarder mart ayında keçirdiyi iclasda menecerlərinə yeni göstərişlər verib. Son aylarda edilən investisiyalar böyük zərbə aldığından qrup yeni plan hazırlayır.

SoftBank 2017-ci ildə qurulan “Vision” Fond ilə texnologiya sərmayələrində yeni cığır açmışdı. ABŞ-da artan faiz dərəcələri və Ukraynadakı müharibə şirkətin investisiyalarına zərər vurdu, Çində həyata keçirilən investisiyaların dəyərinin aşağı düşməsi isə Sonun şəxsi sərvətinin şirkətlə necə iç-içə olduğunu xatırlatdı. Yaponiya şirkətinin bu rübdə itkisinin $30 mlrd. olacağı gözlənilir. Bununla belə, bəzi səhmlərin son zamanlar yüksəlişi itkilərin təxminən $20 mlrd. ola biləcəyinə işarə edir.

Financial Times-a açıqlama verən səlahiyyətli bir şəxs “Ölkə xaricində siyahıya alınmış Çin şirkətlərinin qiymətləndirmələri çökməyə başlayıb. Bu vəziyyətin qısa müddətdə dəyişiləcəyini gözləmirik” deyib. SoftBank-ın planları ilə yaxndan tanış olan başqa bir şəxs şirkətin nağd pul toplamağa çalışdığını və bəzi aktivlərini satmağı düşündüyünü söyləyib. Satış dalğası dönəmində Son SoftBank-ın səhmlərini girov qoyaraq götürdüyü kreditlərdən narahat idi.

SoftBank-dan isə heç bir açıqlama verilməyib.

Bəzi analitiklər Softbank-ın bu fırtınaya tab gətirə biləcəyini düşünür və şirkətin sahib olduğu $23 mlrd. nağd pula diqqət çəkir. “New Street Research”ə görə, bu, “faiz, istiqraz kuponları və potensial $6 mlrd.-lıq Alibaba marja çağırışını” ödəmək üçün kifayətdir. Eyni zamanda bu qədər nağd pulla şirkət səhmlərin geri alınması proqramını davam etdirdiyi üçün daha yavaş da olsa yeni investisiyalar edə bilər. SoftBank-ın maliyyə siyasətinə ən azı növbəti iki il ərzində istiqraz kuponlarını ödəmək üçün nağd pulun olması da daxildir.

Səudiyyə Ərəbistanı və Əbu-Dabi tərəfindən dəstəklənən “Vision” Fond ilk mərhələdə SoftBank-ın investisiya bölməsinin qurmağı hədəflədiyi bir sıra fondların ilki olacaqdı. Lakin fondun nüfuzu onun yüksək profilli investisiyalarından biri olan WeWork-un pisləşməsindən sonra zərbə aldı. Şirkət ikinci “Vision” Fond üçün investisiya ala bilmədi.

SoftBank-ın səhmləri son bir ildə 40% ucuzlaşıb. Şirkətin borcları sahib olduğu aktivlərin miqdarı ilə müqayisə edilir və bu yolla şirkətin maliyyə sağlamlığı qiymətləndirilir. Bu meyar 2020-ci ilin ortalarında 10%-dən 22%-ə yüksəldi və daha sonra 25%-ə doğru təhlükəli bir irəliləyiş qeydə alındı. “Vision” Fondun direktorlarından biri Naqraj Kaşyap mart ayında Los-Ancelesdə keçirilən vençur kapitalı konfransında Fondun daha az sərmayə qoymağı hədəflədiyini, lakin daha təhlükəsiz sahələrə yönələciyini açıqlayıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər