14 C
Baku
Tuesday, April 16, 2024

Məzuniyyət dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin tənzimlənməsi

Təcrübədə rast gəlinən hallardan biri də işçinin məzuniyyət dövründə əmək qabiliyyətini itirməsi zamanı məzuniyyət və əmək qabiliyyətinə dair müavinətin necə tənzimlənəcəyi məsələsidir.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov mövzunun detallarını açıqlayır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi Əmək Məcəlləsi, “Sosial sığorta haqqında” Qanun və Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə ilə tənzimlənir.

Əsas və yaxud əlavə məzuniyyət dövründə xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət təqdim olunan xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir. Əməkhaqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əməkhaqqı saxlanılmadan məzuniyyətdən və ya uşağa qulluq etməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.

Misal 1: “A” müəssisəsində əmək müqaviləsi ilə çalışan işçi 10.02.2023-cü il tarixdən 28.02.2023-cü il tarixədək 18 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxıb. Əmək məzuniyyətində olduğu dövrdə 20.02 2023-cü il tarixdən 27.02.2023-cü il tarixədək 7 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirib və ona xəstəlik vərəqəsi açılıb. Bu halda işçiyə əmək qabiliyyətinin itirilməsinə görə müavinət verilməlidirmi?

Əsasnamənin 12-ci bəndinə əsasən, məzuniyyət dövründə əmək qabiyyyətinin itirildiyi iş günlərinə görə müavinət verilir. Əmək qabiliyyətinin itirildiyi 7 təqvim gününün 5 gününün iş günü olduğunu nəzərə alsaq, ona 5 gün üçün müavinət veriləcək.

Bəs işçinin məzuniyyət hüququ necə tənzimlənəcək?

Məzuniyyətdə olduğu 18 günlük müddətin 7 təqvim gününü əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqəsi təqdim etdiyi üçün 7 təqvim günü işçinin məzuniyyətinə aid edilməyəcək. Əmək Məcəlləsinin 134-cü maddəsinin 3-cü bəndinin “a” bəndinə əsasən, işçi məzuniyyətini başqa vaxta keçirə bilər.

Misal 2: Fərz edək ki, işçi tərəflərin qarşılıqlı razılığı ilə 4 ay müddətinə ödənişsiz məzuniyyətə çıxıb. Məzuniyyətdə olduğu dövrdə əmək qabiliyyətini müvəqqəti itirib və müəssisəyə xəstəlik vərəqəsi təqdim edib. İşçi 2010-cu ildən həmin müəssisədə çalışır. Bu halda işçiyə müavinət hesablanacaqmı?

Xeyr, bu halda hesablanmayacaq. Çünki işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı ona məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi dövrdə baş verib.

Əsasnamədə bəzi hallar müəyyənləşdirilib ki, belə hallarda müavinətin işçinin özünün əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı olmasa da verilməsi nəzərdə tutulub. Əsasnamənin 16-cı bəndinə əsasən, xəstələnmiş ailə üzvünə qulluq etmək üçün verilən məzuniyyət zamanı müavinət bu şərtlə verilir ki, xəstəyə qulluq edilməməsi xəstənin həyatı və ya sağlamlığı üçün qorxu törətsin və tibbi göstərişə görə xəstəxanaya qoymaq imkanı olmasın.

14 yaşa çatanadək xəstələnmiş uşağa qulluq edilməsinə görə müavinət istər ambulator, istərsə də stasionar müalicəsi zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək verilir. Xəstələnmiş uşağa qulluq edilməsinə görə müavinət anaya (ataya) və ya uşağa qulluq edən digər şəxsə verilir.

14 yaşından yuxarı xəstələnmiş ailə üzvlərinə qulluq edərkən 7 təqvim günündən artıq olmayan müddətdə müavinət verilir. Xəstəyə qulluq edilərkən 7 təqvim günündən artıq vaxt üçün ailə üzvünün ağır xəstə olmasından və məişət şəraitindən asılı olaraq müstəsna hallarda müavinət verilməsinə icazə verilir. Bu halda müavinət ümumilikdə 10 təqvim günündən artıq verilməməlidir.

Qeyd edilən hallar müvafiq sənədlərlə təsdiqini tapmalı və müraciət zamanı nəzərə alınmalıdır.

Növbəti və əlavə məzuniyyət, uşağa qulluq etməkdən ötrü məzuniyyət və yaxud əməkhaqqı saxlanılmadan məzuniyyət vaxtı xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət verilmir.

İşləyən əlilliyi olan şəxslərə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən başqa) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, istehsalat qəzası və peşə xəstəliyindən başqa qalan hallarda, ardıcıl və yaxud təkrar xəstələnmə zamanı təqvim ilində altı aydan çox olmamaq şərti ilə verilir.

Əgər işləyən əlilliyi olan şəxsin əmək qabiliyyətinin müvəqqəti itirməsi istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində baş veribsə, onda müavinət xəstə sağalanadək, yaxud da istehsalat qəzası və ya peşə xəstəliyi ilə bağlı əlillik dərəcəsi və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilənədək verilir.

Müvəqqəti olaraq işin dayandırıldığı müddətdə, hərbi toplanışlar və ya təhsil müəssisələrində istehsalatdan ayrılmamaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi baş verdikdə müavinət işçinin göstərilən müddət qurtardıqdan sonra işə başlamalı olduğu gündən verilir.

Əmək qabiliyyətini müvəqqəti itirməsi işçiyə qanuna əsasən əməkhaqqının dayandırılması ilə işdən (vəzifədən) kənar edildiyi dövrdə baş veribsə, müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi işə başlamağa icazə verildikdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən verilir.

Misal 3: Fərz edək ki, işçi Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən, 01.02.2023-cü il tarixdən 15.02.2023-cü il tarixədək işdən kənar edilib. 05.02.2023-cü il tarixdən işçi əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda müavinət necə hesablanmalıdır?

1-ci hal: İşçinin əmək qabiliyyətinin müvəqqəti itirməsi halı 05.02.2023-10.02.2023 cü il tarixləri arasında olub. Qanunvericiliyə əsasən, bu halda əmək qabiliyyətinin müvəqqəti itirilməsi əməkhaqqının dayandırılması ilə işdən (vəzifədən) kənar edildiyi dövrdə baş verdiyi üçün ona müavinət verilmir.

2-ci hal: Tutaq ki, işçinin əmək qabiliyyətinin müvəqqəti itirməsi halı 05.02.2023-20.02.2023-cü il tarixləri arasında olub. Bu halda əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı, işçinin işə başladığı tarixdə də davam etdiyi üçün ona işə başladığı gündən, yəni, 15.02.2023-cü il tarixdən müavinət hesablanmalıdır.

Son xəbərlər
Digər xəbərlər