10 C
Baku
Thursday, December 12, 2024

Məcburi dövlət sosial sığorta ödənişlərində müddət və mübahisəli məsələlərin həlli [bloq]

“Sosial Sığorta haqqında” qanunun 21 maddəsində bir qeyd var idi ki, maliyyə sanksiyaları üzrə borclar bu qanun 14 maddəsinə uyğun olaraq tutulur.  Məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır. Göründüyü kimi məcburi sosial sığorta haqları üzrə borclar məhkəmə qaydasında alınması qeyd olunub.

Sığortaedən hüquqi şəxs olmadıqda, borc məbləği məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tutulur.

Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqqı sığortaedənin müraciətinə əsasən geri qaytarılır. Amma bu maddə ləğv olunub. Səbəb sosial sığorta  və işsizlikdən siğorta haqlarının hesablanması və  yığılması Vergilər Nazirliyinə verilməsidir.

Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 24 aprel 2019-cu il qərarında Mülki Məcəllənin 2.5 maddəsinin şərhi qeyd olunub.  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir.

Vergi Məcəlləsinin 22-1.2. maddəsinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və həmin Qanunun 19-cu maddəsində nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Yəni dövlət sosial sığorta haqları Dövlət Sosial Müdafiə Fondunun, işsizlikdən sığorta haqları işsizlikdən sığorta fondunun hesablarına ödənilir. Ödənilmiş sosial sığorta haqlarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda bu zaman vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı ödənilmiş vəsaitin vergi orqanının hesabına ötürülməsi üçün Dövlət Sosial Müdafiə Fondununa müraciət etməlidirlər.

Vergi Məcəlləsinin 57.1-1. maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əməkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 85.4. maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.

Sosial sığorta haqqında qanunun 18 maddəsində qeyd olunub ki, Məcburi sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət istisna olmaqla bu sahədə idarə etməni Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və onun tabeliyində olan orqan həyata keçirir. Həmin qanun  29 maddəsində qeyd olunur ki,  sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır.

Vergi Məcəlləsinin  85.1. maddəsində isə qeyd olunub ki, hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Yəni Vergi Məcəlləsinə əsasən. Maddəyə diqət etsək hər bir vergi üçün müddətlər müəyyən edilir. Bu o deməkdir ki, 85.5-1 maddəyə əsasən qeyd etmək olar ki, vergi vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir deyillər eləcə də vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malik deyillər. Yəni burada müddət nəzərə alınmır. Vergi ödəyicisi istədiyi vaxt düzgün hesablanmamış vəya artıq ödənişmiş məcburi sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını vergi orqanından, eləcə də əksinə vergi orqanı faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra müddətdən aslı olmayaraq tələb edə bilər.

 Mübahisəli məsələlər hər zaman olduğu kimi, məhkəmələr tərəfindən həll olunur.

 Rauf Qarayev
İqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər