Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na dəyişikliklərin edilməsi ilə bağlı qərarı bazardakı cari vəziyyətə ciddi təsir etməyəcək.
1 may 2016-cı il tarixində qüvvəyə minəcək qərara əsasən, məcburi ehtiyatların norması milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 0,5%, xarici valyutada cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 1%, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0% kimi təsdiqlənib.
AMB-nin açıqlamasına əsasən, son vaxtlar kəskin şəkildə yüksəlmiş dollarlaşmanın azaldılması, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübəni də nəzərə alaraq məcburi ehtiyat normalarında dəyişiklik etmək zərurəti yaranıb.
Qeyd edək ki, məcburi ehtiyat norması son dəfə 2015-ci il martın 1-də dəyişdirilib və bütün komponentlər üzrə 0,5%-ə endirilib.
Agentliyin analitik qrupu bildirir ki, bu qərardan sonra milli valyutada depozitlər üzrə məcburi ehtiyat norması dəyişməyib, xarici valyutada 0,5% artıb, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə isə 0,5% azalaraq 0%-ə endirib.
“Xarici valyutada cəlb edilmiş depozitlər üzrə məcburi ehtiyat normasının artırılması qərarı xarici valyutada depozitlərin faizinə cüzi təsir göstərə bilər. Çünki bir çox kommersiya banklarında xarici valyutada depozit faizləri 1-3% arasında dəyişir. Bu bankların xarici valyutada depozit faizini daha da azaltması mümkün deyil. Belə olarsa, depozitlərin bankdan çıxarılması prosesi baş verə bilər. Daha yüksək faiz verən kommersiya banklarında isə məcburi ehtiyat normasının 0,5% artırılması elə də ciddi dəyişikliyə səbəb olmayacaq”, – deyə Agentliyin analitikləri qeyd ediblər.
Lakin ekspertlər düşünürlər ki, bu qərar AMB-də təxminən 58 mln. dollar əlavə vəsaitin yaranmasına gətirib çıxaracaq: “Hazırda kommersiya banklarında 11 590 mln. dollar həcmində depozit var. Bankların kreditləşməni demək olar ki, dayandırdığı və xarici valyutada depozitlərin miqdarının artdığı bir vaxtda, bu, banklar üçün əlavə yük deməkdir. AMB xarici valyutada depozitlər üzrə məcburi ehtiyat normasını bir qədər çox da artıra bilərdi və ya gələcəkdə bunu edə bilər. O zaman xarici valyutada depozit faizlərinin 0-a enəcəyi və ya bankların xarici valyutada depozitlərdən imtina edəcəyi proqnozlaşdırılır. Çünki kommersiya bankları hazırda xarici valyutada depozit cəlb edərkən, kreditləşməni isə dayandırıb və ya əhalinin xarici valyutada kredit götürmək istəyi olmadığından, ilin sonunda qazanmadığı faizi ödəməyə məcburdur. Məhz bu səbəbdən əksər banklarda xarici valyutada depozit faizləri 3% həddini keçmir. Kredit götürmək istəyənlər isə devalvasiyadan sonra böyük zərər etdikləri üçün aşağı faizlə belə kredit götürmürlər”, – deyə analitiklər bildirib.
Agentliyin analitik qrupu qeyd edir ki, AMB-nin bu qərarı hazırda ciddi dəyişiklik vəd etməsə də, gələcəkdə xarici valyutada ehtiyat normasının bir qədər də artırılması bankları xarici valyutada depozit cəlb etməkdən imtina etməsinə gətirib çıxara bilər: “O zaman əhalinin ya real sektora, ya da banklarda kirayə kassalarına yönəlməsi prosesi başlayacaq. Onsuz da xarici valyutada depozit faizləri aşağı olduğundan, xarici valyutada vəsait sahiblərinin faiz barədə düşünmədiyi, manata inamları azaldığından, belə addım atdıqları məlumdur”.
Report