13 C
Baku
Friday, November 22, 2024

Məcburi köçkünlərin aylıq gəlirlərindən vergi tutularkən hansı güzəşt edilir?

Mən “Dost İş Mərkəzi” MMC-də sosial işçi kimi fəaliyyət göstərirəm. Məcburi köçkün statusum var. Məndən vergi tutularkən hansı güzəştlər olunmalıdır? 

Banker.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2.500 manatadək olduqda 14 faiz, 2.500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2.500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur.

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir.

Sorğunuzda qeyd olunan halda Sizin muzdlu işdən əldə etdiyiniz aylıq gəlir 2.500 manatadək olduqda 300 manat (200 + 100) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Son xəbərlər
Digər xəbərlər