Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
17 noyabr 2021-ci il tarixli 354 nömrəli qərara əsasən icra məmuru aşağıdakı səlahiyyətləri həyata keçirəcək:
– azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş şəxsin polis əməkdaşları tərəfindən müəssisəyə təhvil verilməsində iştirak etmək;
– məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə 3 ayda bir dəfədən az olmayaraq ixtisaslaşdırılmış tibb müəssisəsinə (İTM) baş çəkmək, həmin şəxslə, İTM-in rəhbərliyi və müalicə həkimi ilə görüşüb söhbətlər aparmaq və bu barədə protokol tərtib etmək, habelə ayda bir dəfədən az olmayaraq İTM-in rəhbərliyi və ya müalicə həkimi ilə əlaqə saxlayaraq məhkəmə qərarının icrası və məcburi müalicə təyin edilmiş şəxsin vəziyyəti barədə məlumat almaq və bu barədə protokol tərtib etmək;
– məcburi müalicə təyin edilmiş şəxsin məcburi müalicə ilə bağlı ərizə və şikayətlərini qəbul etmək, həmin müraciətlər üzrə müvafiq tədbirlər görmək;
– məcburi müalicə təyin edilmiş şəxs barəsində məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, bu məqsədlə İTM-dən zəruri məlumatları sorğu vasitəsilə əldə etmək;
– məcburi müalicə təyin edilmiş şəxsin İTM-ə qəbulu, Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın 2.6-cı bəndinə uyğun olaraq İTM-dən qısamüddətli çıxmasına icazə verilməsi, habelə şəxsin müalicədən boyun qaçırması, müəssisədən qaçması və ya digər hüquq pozuntusuna yol verməsi halları barədə dərhal məlumat almaq, müəssisədən qaçmış və olduğu yer məlum olmayan həmin şəxsin axtarışı ilə bağlı bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulmuş tədbirlər görmək;
– məcburi müalicə təyin edilmiş şəxs müalicə müddətində inzibati xəta törətdikdə inzibati xətaya baxmaq səlahiyyəti olan orqana, cinayətin əlamətlərini əks etdirən əməllər törətdikdə aidiyyəti üzrə cinayət prosesini həyata keçirən orqanlara (təhqiqat, istintaq və ya prokurorluq orqanlarına) məlumat vermək;
– bu Qaydanın 5.1.1-5.1.3-cü yarımbəndlərində göstərilən hallarda nəzarət işi üzrə icraatı dayandırmaq və müvafiq hallar aradan qalxdıqda icraatı təzələmək;
– məcburi müalicə ləğv edildikdə və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edildikdə nəzarət işinə xitam vermək və bu barədə səlahiyyətli məhkəməni məlumatlandırmaq.
– Məcburi müalicə təyin edilmiş şəxs üzərində nəzarəti həyata keçirən icra məmuru məhkəmə qərarının tələblərinin pozulmasını, habelə məcburi müalicə təyin edilmiş şəxsə qarşı törədilmiş qanunsuz hərəkət və hərəkətsizliyin baş verməsini aşkar etdikdə, cinayətin əlamətlərini əks etdirən əməllər haqqında cinayət prosesini həyata keçirən orqanlara (təhqiqat, istintaq və ya prokurorluq orqanlarına), digər hüquq pozuntularına yol vermiş İTM əməkdaşları barəsində isə Səhiyyə Nazirliyinə məlumat verməyə və bu barədə bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş protokolda qeyd aparmağa borcludur.