Məcburi nişanlama ilə nişanlanmalı olan mallar üzərində nəzarət sərtləşdirilir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, həmin mallara məcburi nişanlamanın tətbiqi, vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Layihəyə əsasən, Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onun tətbiqi, satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Digər dəyişikliyə əsasən, bu qaydaların tələblərini pozan şəxs Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.
Eyni zamanda qanuna təklif edilən digər dəyişikliklə Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Aksiz markalarının hazırlanması, onların vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. Belə aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağan olacaq. Bu qaydaların tələblərini pozan şəxs Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.