Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbin yekunlaşmasına artıq sayılı günlər qalıb. Ölkənin bir çox bankları kapitallarını artırmasına baxmayaraq, bəzi banklarda vəziyyət o qədər də ürək açıcı deyil. Beləliklə ölkə banklarından 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdırmayan banklar isə digər banka birləşdiriləcək.
Hazırda Mərkəzi Bankın açıqlamalarına əsasən deyə bilərik ki, 44 bankın 6-i zərərlə işləyir. Bank sisteminin cəmi zərəri, zərərlə işləyən banklar üzrə – 32,26 milyon manatdır.
Hazırda ölkə bankları içərisində ən az məcmu kapitalına sahib olan bank Euro Bankdır. Belə ki, bankın məcmu kapitalı cəmi 7.5 mln manat təşkil edir.
Belə ki, Azərbaycan Kredit Bankı-nın nizamnamə kapitalı 11,43 milyon manat təşkil edib. Bankın əvvəlki illərdən yığılıb qalmış 7,36 manat zərəri səbəbindən, məcmu kapitalı 5,88 milyon manat təşkil edir.
Yunayted Kredit Bank məcmu kapitalı ilə bağlı açıqladığı son hesabat 30 iyun tarixindir. Belə ki, qeyd olunan tarix üzrə bankın məcmu kapitalı 27 864 240 manat təşkil edib.
Məcmu kapitalı haqqında tələbi yerinə yetirə bilməyən digər bank isə Bank Avrasiyadır. 30 sentyabr tarixində Bankın nizamnamə kapitalı 30 000 000 manat, eyni tarix üzrə məcmu kapital isə 29 982 800 manat təşkil edib
Bəzi maliyyə problemləri olan Bank of Azerbaijan da məcmu kapitalı üzrə tələbi yerinə yetirə bilməyən banklar sırasındadır. Belə ki, bankın məcmu kapitalı açıqladığı son məlumatda məcmu kapitalının 33.6 milyon manat olduğunu qeyd olunub.
Son açıqladığı 30.09.2014-cü il tarixində İran Melli Bank-nın nizamnamə kapitalı 22 408 701 manat təşkil edib.
Pakistan Milli Bank-ın isə məcmu kapitalı 30 sentyabr tarixində 10 205 060 manat təşkil edib.
Naxçıvan Bank-nın isə son hesabat tarixi 2011 –ci ilə aiddir. Qeyd olunan dövr üzrə Bankın nizamnamə kapitalı 14 mln manat, cəmi kapitalı isə 17 mln manat təşkil edirdi.
Mərkəzi Bankın qərarına görə, ilin sonuna qədər məcmu kapitalını 50 milyon manata çatdırmayan banklar ya başqa banka birləşməli, ya bank olmayan kredit təşkilatına çevrilməli, ən pis halda isə bağlanmalı olacaqlar.