“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib. Şahid qismində ifadə verən Durhəsən Rzayev bildirib ki, onun adına şirkət açılaraq maliyyə köçürülüb, lakin özü məsələnin təfərrüatlarından xəbərsiz olub. Müxtəlif obyektlərdə fəhlə işlədiyini deyən D.Rzayev şahidin andını da oxuya bilməyib: “Oxuya bilməsəm də, Allaha and olsun, düz danışacam. Əgər yalan danışsam, Allah mənim bəlamı versin. Mən onun-bunun əlinin altında fəhlə işləyən adamam. Bir gün gecə evdə oturmuşdum. Tanışlardan biri dedi ki, işsizsənsə iş var. Mən də razı oldum. Sonra imza çəkmək üçün “Nərimanova” getdim. Adıma şirkət yaradılırmış. Şamaxı şəhərinə getdim, yazıblar ki, ip almışam, vallah bundan xəbərim yoxdur”.
Dövlət ittihamçısı bildirib ki, şahidin adına olan şirkətə 457 min manatdan artıq pul köçürülüb. Şahid bununla da razılaşmayaraq heç nədən xəbəri olmadığını deyib: “Vallah, mən nə ip görmüşəm, nə də başqa bir şey. Mən Sumqayıt yolunu belə tanımıram. İttihama yazılan adamlardan da heç kimi tanımıram”.
Prosesdə daha sonra “Azərxalça” ASC-də əvvəl anbardar, sonra satınalma şöbəsində işləmiş Emin Xəlilov ifadə verib. Şahid bildirib ki, 2020-ci ilə qədər qurumda anbardar olub, bunda sonra şirkətinin satınalma komissiyasında çalışıb: “Əvvəllər anbardar olmuşam. 2020-ci ildə maliyyə şöbəsində işə başladım. Orda sənəd işlərinə baxırdım. Tenderə gəlincə, bəzi hallarda keçirilirdi, bəzi hallarda yox”.
Məhkəmədə daha sonra Sumqayıtda yerləşən obyektdə və İsmayıllı rayonundakı Xalça emalı sexində işləmiş Afər Soltanov ifadə verib. Şahid bildirib ki, bütün aparılan işlərdə göstəriş sifarişçilər tərəfindən verilib, onlar da icra ediblər: “Mən Sumqayıtda tikilən obyektlərin birində nəzarətçi işləmişəm. Bunda sonra isə İsmayıllıya getdim. Mən aparılan işlərdə çatışmazlıq müşahidə etməmişəm. Bəzi şirkət rəhbərlərinin Vidadi Muradovdan götürülən pullardan kimlərəsə verməyini də eşitməmişəm”.
Dövlət ittihamçısı şahidin ifadəsinə etiraz edərək ortada kifayət qədər böyük məbləğin yoxa çıxdığını deyib: “Bir yerdə yazmısız termometrlər quraşdırılıb, amma yoxdur. İşlədiyiniz şirkətlərin birindən 3 milyon 452 min manat, digərindən 400 mindən artıq pul yoxa çıxıb”.
Proses dekabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.
Qanun əsasən, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur. Məhkəmə Vidadi Muradovun həyat yoldaşı Rəhilə Muradovanı hüquqi varisi kimi tanıyıb.
Xatırladaq ki, rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.
Bundan başqa, Vidadi Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
Habelə Vidadi Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
9 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda “Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunan V. Muradov barədə məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb.
V.Muradov noyabrın 5-də vəfat edib.