Azərbaycanda məhkəmə çəkişmələri əlavə zaman və maliyyə itkisinə səbəb olmaqla yanaşı, sığorta bazarı iştirakçılarının reputasiyasını bu və ya digər formada korlaya bilir.
Bunu “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev Bakıda keçirilən “Sığorta mübahisələrinin uğurlu həll yolları” mövzusunda Elmi-Praktik Konfransda bildirib.
“2021-ci ildə iqtisadi fəaliyyət sahələri üzrə qeydə alınmış məhkəmə işlərinin sayı 1 223 olub ki, bunun da 564-də digər istisna sahələrlə yanaşı sığorta sahəsi də yer alıb. Bu mənada qeyd etmək istəyirəm ki, Mediasiya Şurasının sığorta mübahisələrinin alternativ həlli mexanizmi kimi aktivləşdirilməsi həm bu sahədə məhkəmə işləri ilə bağlı 40 %-ə yaxın olan nisbətin kiçilməsinə, mübahisələrin ədalətli həllinə, sığorta savadlılığının daha dərindən formalaşmasına zəmin yaradacaq.
Danılmaz faktdır ki, sığorta savadlılığının artırılması bu sahədə məhkəmə çəkişmələrinin, mübahisələrinin azalmasına təkan verən başlıca amildir. Artıq 3-cü ildir ki, Azərbaycan Mərkəzi Bankı, ASA və İcbari Sığorta Bürosu arasında imzalanmış memorandum çərçivəsində ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi işləri aparılır. Hesab edirəm ki, gördüyümüz bu iş yaxın gələcəkdə bu sahədə mübahisələrin və anlaşılmazlıqların azalmasına, aradan qalxmasına öz müsbət təsirini göstərəcək”, – deyə o qeyd edib.