9 C
Baku
Monday, November 18, 2024

Məhkəmə “İdeal”ın keçmiş sahibinin vəsatətini təmin edib

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əli Məmmədovun sədrlik etdiyi prosesdə müdafiə tərəfinin vəsatətinə əsasən, əlavə şahid qismində “İdeal Kompani”nidə direktor müavini olmuş Elvin Məmmədov dindirilib.

O, İ.İsmayılovun “Şəhər bağları”ndakı mənzili 1 milyona alınmasını 100 min manat və 900 min manat olmaqla iki dəfəyə ödənilməsini təsdiq edən “Razılaşma”ya təqsirləndirilən şəxs tərəfindən imza atdığını təsdiqləyib.

Belə ki, İ.İsmayılova qarşı “Şəhər bağları”nda mənzilin alınması üçün “İdeal Kompani” MMC-nin kassasından 2013-cü ilin iyun ayında 280 min manat məxaric edilməsi ilə bağlı ittiham irəli sürülüb.

Müdafiə tərəfinin məhkəməyə bununla bağlı təqdim etdiyi “Razılaşma” adlı sənəddə isə qeyd edilib ki həmin mənzil 280 min manata deyil, 1 milyon manata alınıb və bu məbləğ 2013-cü ilin aprel ayında ödənilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili İlhamə Həsənova deyib ki, şirkətin xəzinəsinə İ.İsmayılovun 2013-2014-cü illərdə müvafiq olaraq 1,5 milyon, 500 min, 736 min, 320 min və 687 min manat – ümumilikdə 3 milyon 743 min manatın köçürdüyünü sübut edən gündəlik kassa hesabatları var. O, həmin kassa hesabatlarını məhkəməyə təqdim edib.

Vəkil bildirib ki, həmin məbləğlərlə bağlı mədaxil qəbzləri də məhkəməyə təqdim edilib: “Məhkəmədə dindirilən mühasib Samirə Quliyeva da təsdiqlədi ki, İlqar İsmayılovun adına bankdan götürülmüş kredit şirkətin kassasına mədaxil olunub. İstintaqda kreditin ödənişi üçün çıxarılan vəsaitlər hesablanıb, amma köçürülən vəsaitlər yox. Bu sənədlər sübut edir ki, İlqar İsmayılov şirkətə dəfələrlə çox vəsait mədaxil edib”.

Prokuror və zərərçəkmişin nümayəndəsi sənədlərin iş materiallarına əlavə olunmasını istəməyib. Lakin məhkəmə vəsatəti təmin edib və sənədlərin işə əlavə olunmasına qərar verilib.

Daha sonra İ.İsmayılov məhkəmə iclasında protokolları ilə tanış olmaq üçün məhkəməyə ərizə təqdim edib. Məhkəmə ona protokollarla tanış olmaq üçün şərait yaradılmasına göstəriş verib.

Proses noyabrın 29-da davam edəcək.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim Telegram kanalımıza abunə olun

Son xəbərlər
Digər xəbərlər