İslamabad dairə məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xan barəsində qanunsuz nikah işi üzrə hökmü ləğv edib.
Bununla da sabiq baş nazirə qarşı son məhkəmə qərarının müddəti başa çatıb və o, potensial olaraq azadlığa buraxıla bilər.
İmran Xan və həyat yoldaşı Büşra Bibinin şikayətini qəbul edən hakim, eyni zamanda vurğulayıb ki, siyasətçiyə qarşı aktiv həbs qərarı yoxdursa, o, həbsdən azad edilməlidir. Hakimin sözlərinə görə, əgər onlar başqa bir iş üzrə axtarışa verilməzsə, o zaman hər ikisi dərhal azadlığa buraxılmalıdır.
Əvvəllər daha bir neçə hökm ləğv edilib və ya onların icrası dayandırılıb. Bundan əlavə, İmran Xan girov müqabilində korrupsiya işi üzrə azadlığa çıxmaq imkanı əldə edib. Buna görə də məhkəmə onun həbsdə saxlanması üçün heç bir əsas olmadığı barədə qərar çıxarıb.