10 C
Baku
Friday, December 27, 2024

Məhkəmə Mərkəzi Bankın “SOCAR Midstream Operations”a tərtib etdiyi cəriməyə xitam verdi

Azərbaycan Mərkəzi Bankının SOCAR törəməsi barəsində tərtib etdiyi cərimə protokoluna məhkəmə tərəfindən xitam verilib.

Banker.az xəbər verir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılan işdə “SOCAR Midstream Operations” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib etdiyi cərimə təmin edilməyib.

Məhkəmə inzibati xəta tərkibi olmadığını əsas gətirməklı icraata xitam verib.

Qeyd edək ki, buna qədər də 1-ci instansiya məhkəmələri AMB-nin yazdığı bir neçə cərimə protokoluna xitam verib.

Azərbaycan Mərkəzi Bankının 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir.

Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır.

Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2  il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000  ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “SOCAR Midstream Operations” şirkəti Azərbaycan Respublikası Prezidentinin və “SOCAR” Prezidentinin göstərişi ilə qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququnu və maraqlarını təmsil etmək məqsədilə, o cümlədən aşağıdakı məqsədlərlə 2015-ci ilin 1-ci rübündə “SOCAR” Şirkətinin törəmə müəssisəsi kimi təsis edilib.

Şirkətin səlahiyyətləri:

  • Cənubi Qafqaz Boru Kəməri (CQBK), Bakı Tbilisi Ceyhan (BTC), Trans -Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərində (TAP) səhmdarlığın idarə edilməsini təmin etmək;
  • CQBK sisteminin gələcək kommersiya və texniki genişlənməsini asanlaşdırmaq (CQBKGG);
  • CQBK-nin Kommersiya İstismarçısı (Operatoru) rolunda çıxış etmək;
  • Qərb İxrac Boru Kəməri Marşrutu (QİBKM) ilə bağlı məsələlərdə “SOCAR Upstream Management International” şirkətinin texniki məsləhətçisi rolunda çıxış etmək;
  • TANAP layihəsinin texniki və kommersiya əməliyyatlarının idarə edilməsinə dair nəzarətin təmin edilməsi;
  • Mürəkkəb əməliyyat risklərini azaltmaq üçün ən yaxşı təcrübənin qəbul edilməsini və birləşdirilməsini təmin etmək.
Son xəbərlər
Digər xəbərlər