Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi işləmiş Müşfiq Abbasov barəsində hökmdən verilmiş şikayətə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan iş üzrə qüvvədə olan hökm dəyişdirilib. Hakim Cavid Hüseynin sədrlik etdiyi hakimlər heyəti cinayət işinin birinci instansiya məhkəməsində düzgün araşdırılmadığı qənaətinə gəlib.
Məhkəmə ittiham olunun şəxsin 73 min 716 manat məbləğində dəymiş ziyanın bir hissəsini ödəməsi, həmçinin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq barəsindəki dələduzluq ittihamına xitam verilib. Qərara əsasən, Müşfiq Abbasov rüşvət verməyə təhriketmə ittihamı ilə təqsirli bilinərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
İttihama görə Müşfiq Abbasov 12 iyun 2014-cü il tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.
Toplanmış materiallarla Müşfiq Abbasova Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq), 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşfiq Abbasov verilmiş ittihamlarla təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.
Bundan başqa, sabiq müstəntiq 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarından xaric olunub. Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq, vəzifə səlahiyyətlərini aşma cinayətlərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmlə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilib.