Ədliyyə Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edib.
Dəyişilik ekspertiza ilə bağlıdır.
Təlimata edilən əlavəyə əsasən, ekspertizanın aparılması ilə bağlı Mülki-Prosessual Məcəllənin 101.1-ci və 101.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərə riayət etmədikdə məhkəmə ekspertizası idarəsi məhkəmə tərəfindən yüz manat məbləğində cərimə edilə bilər.
Mülki-Prosessual Məcəllənin 101.1-ci maddəsinə əsasən, ekspert ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay, bu Məcəllənin 172.2-ci maddəsində nəzərdə tutulmuş işlərə (işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlər) münasibətdə isə 10 gündən gec olmayaraq yazılı formada rəy verməli, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə göndərməlidir.
Bu Məcəllənin 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə (ayrı-ayrı kateqoriya işlərə baxılması və onların həllinə dair qətnamə və ya qərardad çıxarılması üçün qanunla qısaldılmış müddətlər müəyyən edilə bilər) münasibətdə isə ekspert rəyi 3 günədək müddətdə veriməlidir. Məcəllənin 101.2.-ci maddəsinə əsasən, ekspertizanın aparılmasını bu Məcəllənin 101.1-ci maddəsində göstərilən müddətlərdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə məhkəməyə dərhal məlumat verməlidir. Bu halda tədqiqatların mürəkkəblik dərəcəsi nəzərə alınmaqla ekspertizanın aparılması müddəti məhkəmə ilə yazılı formada razılaşdırılmalıdır.