Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza və bəraət alan Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşları barəsində verilmiş protestə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə yenidən araşdırılan işlə bağlı birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.
Orxan Zöhrabov, Sadiq İsgəndərov və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Mirağa Ağayevə şərti cəza verilib.
Həbsdə olan Elmar Mirzəyevin cəzası isə 3 ay artırılaraq 5 il 3 aya qaldırılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılan işlə bağlı Ceyhun Şabanova 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilmişdi.