10 C
Baku
Thursday, December 12, 2024

Məhsuldarlıq vaxt idarəetməsi ilə deyil, diqqət idarəetməsi ilə bağlıdır

Vaxtın idarə edilməsi həll yolu deyil, sadəcə problemin bir hissəsidir.

Məqalənin müəllifi: Adam M. Grant, amerikalı alim, psixoloq və yazıçı; Uorton biznes məktəbinin professoru; bir çox bestsellerin müəllifi;

Bir neçə il əvvəl, müəllim olduğum liderlik dərslərində fasilə zamanı Maykl mənə yaxınlaşdı. O, müdirin ondan daha məhsuldar olmasını istədiyini söylədi. Maykl daha məhsuldar olmağın yollarını araşdırsa da, heç bir nəticə əldə edə bilmədi.

“Bu, zarafat kimi səslənəcək, amma əslində hər şey ciddidir, – Maykl qeyd edir. – Ağlıma gələn tək şey, tez-tez ayaq yoluna getməmək üçün daha az su içmək idi”.

Biz daim məhsuldarlığı artırmağa can atan mədəniyyətdə yaşayırıq, bütün işlərimizi necə çatdıra biləcəyimizə dair kitablar oxuyuruq və dörd saatlıq iş həftəsini xəyal edirik. Biz narahatlıq mədəniyyətinə xidmət edirik və nə qədər məşğul olduğumuzdan öyünürük. Bizə tez-tez deyirlər ki, işləri çatdırmaq üçün vaxtı idarə etməyi öyrənmək lazımdır. Əgər təqviminizi daha yaxşı planlaşdıra bilsəniz, məhsuldarlığını əhəmiyyətli dərəcədə artacaq.

Lakin iki onillik ərzində məhsuldarlığı araşdırdıqdan sonra, vaxt idarəçiliyinin problemin həll yolu olmadığı üzə çıxdı.

Karyeranın inkişafında insanlar tez-tez özlərindən soruşurlar: “Necə edim ki, daha məhsuldar olum?”. Əslində, mən də bəzən özümü məhsuldar hiss etmirəm və yalnız Maykl ilə söhbətdən sonra başa düşdüm: məhsuldarlıq vaxtın idarə edilməsi ilə əlaqəli deyil. Bir gündə cəmi 24 saat var və bütün diqqətimizi vaxtın idarə edilməsi məsələsinə yönəltsək, sadəcə nə qədər vaxt israf etdiyimizi daha yaxşı başa düşəcəyik.

Onun əvəzinə diqqətin idarə edilməsi ilə məşğul olun: əhəmiyyət kəsb edən insanlar və layihələr üçün prioritetlərini müəyyənləşdirin, onlara nə qədər vaxt sərf edəcəyiniz vacib deyil. Diqqəti idarə etmə – lazım olduqda işləri düzgün hədəflərə yönəltmə sənətidir.

Yaxşı, bəs konsentrasiya obyektini niyə dəyişdirməliyik?

Çoxları elə hesab edir ki, vaxt idarə edərkən, insan görəcəyi işləri nə zaman tamamlaya biləcəyini bilməlidir. Mən bu metodu məqaləmi yazarkən tətbiq etməyə çalışdım. Məqsəd 1200 söz idi, buna görə səhər saat 8-də kompüter arxasında oturdum və özümə üç saat vaxt verdim. Növbəti altı dəqiqə ərzində heç bir dənə də olsun söz yaza bilməyib, sadəcə yanıb-sönən kursoru seyr etdim. Sonda ümidsizliyə qapıldım və bütün səylərimi diqqət idarə edilməsinə yönəltdim. Elvin Bruks yazırdı: “Hər səhər oyanarkən, dünyanı yaxşılaşdırmaq (və ya xilas etmək) istəyi ilə dünyadan zövq almaq (və ya dadmaq) istəyi arasında qalıram. Buna görə günü planlaşdırmaq çətindir”. Apardığım araşdırmalar nəticəsində gördüm ki, məhsuldar insanlar bu seçimlərdən hansına üstünlük verəcəklərindən narahat deyillər – hər iksini izləyirlər.

Beləliklə, bu yazını nə qədər tez bitirmək istədiyimi düşünməyin əvəzinə öz-özümə sual verim ki, nəyə görə həmin məqaləni yazmaq qərarına gəldim: araşdırmanın sintezindən yeni bir şey öyrənə bilərəm; mənə məhsuldarlıq barədə sual verəndə insanlara göndərə biləcəyim linkim olacaq; bu məqalə bir çox insana kömək edə bilər.

Çox vaxt məhsuldarlıq ilə əlaqəli olan problemlər məhsuldarlığın deyil, motivasiyanın zəif olması ilə bağlıdır. Məhsuldarlıq – məqsədə çatmaq üçün lazım olan alətdir. Əgər sizin məqsədiniz daha məhsuldar olmaqdırsa, özünüzü bu və ya digər işi etmək üçün məcbur etməli olacaqsınız. Əgər siz bu və ya digər iş ilə hansı səbəblərə görə məşğul olmaq istədiyinizi müəyyən etsəniz, daxili motivasiyanın hesabına məqsədinizə asanlıqla nail ola biləcəksiniz.

Vaxt önəmli deyilsə, necə məhsuldar ola bilərəm?

Diqqətin idarəetməsi dedikdə, etmək istədiyiniz işi nə zaman edə biləcəyiniz anları görmək qabiliyyəti nəzərdə tutulur. Mən Miçiqanda böyümüşəm və aspiranturada oxumaq üçün oraya geri dönərkən, rəfiqəmi mənimlə getməyə razı salmağa çalışdım.

“Burada hava  çox tutqunlu və soyuqdur”, – deyə rəfiqəm Miçiqanda olduğu müddətdə söylədi.

Qeyd etmək istərdim ki, pis hava şəraitinin məhsuldarlığa müsbət təsir göstərməsini sübut edən araşdırmaların sayı az deyil. Tədqiqatçılar müəyyən edə biliblər ki, yağışlı havada Yaponiya banklarının işçiləri ödəmələri daha sürətli edirlər, amerikanlar isə mətnlərdəki səhvləri daha effektiv düzəldirlər. Bunu nəzərə alaraq, məqaləmə başlamaq üçün qarın yağacağını gözlədim.

Diqqət idarəetməsi sahəsində ən sevdiyim hissə – “nə zaman”. Yəqin ki, mənimlə razılaşarsınız: məhsuldarlıqla əlaqəli olan problemlərin əksər hissəsi etmək istəmədiyimiz, lakin etməli olduğumuz işlərlə bağlıdır. Uzun illərdir ki, yorucu işləri maraqlı işləri bitirəndən sonra edib topladığımız enerji sayəsində etmək lazım olduğunu düşünürdüm.

Yaradıcılar və menecerlər

Əminəm ki, sizin əsas məqsədiniz təkcə məhsuldar yox, eyni zamanda yaradıcı olmaqdır.

Məsələ orasındadır ki, məhsuldarlıq və yaradıcılığa münasibətdə fərqli idarəetmə strategiyalardan istifadə olunur. Məhsuldarlıq iş ilə əlaqəsiz olmayan kənar faktorlardan qoruyan diqqət filtrləri ilə tənzim edilir, yaradıcılıq isə bu filtrlərin aradan qaldırılması ilə.

Həm məhsuldarlığı, həm yaradıcılığı birləşdirmək mümkündürmü? Bunun üçün həm məhsuldar, həm yaradıcı işlər üçün vaxtı düzgün seçmək lazımdır. Səhər tezdən durmağı sevən insanlar analitik işləri səhər saatlarında, rutin işləri nahar saatlarında, yaradıcı işləri isə axşam saatlarında görsələr daha yaxşı olar. Və əksinə – axşam saatlarında daha aktivsinizsə, bütün ciddi məsələləri gündüz və axşam saatlarına saxlayın.

İş vaxtının idarə edilməsi – işi planlaşdırılması məsələsinə münasibəti dəyişmək deməkdir. Pol Grehemin yanaşmasını çox bəyənirəm. O, həftə günlərini “yaradıcılıq” və “idarəçilik”  olaraq iki yerə ayırır.

İdarəçiliklə məşğul olduğunuz günlərdə iş görüşmələri keçirmək və vacib zənglər etmək, yaradıcılıq günlərində isə əksinə – yalnız sevdiyiniz işləri görmək məqsədəuyğundur.

Məktəbdə oxuduğum müddətdə hər şənbə günü vaxtımı televizora baxmağa xərcləyirdim və sonra buna görə özümü günahkar hiss edirdim.  Lakin buna baxmayaraq, mən televizordan imtina etmədim. Həyatımda yeni qayda tətbiq etdim: əgər nəyə baxacağımı bilirəmsə, televizoru yandırıram. Eyni siyasəti sosial şəbəkələrə münasibətdə də istifadə etdim: iş başındayamsa, sosial şəbəkələrdən yalnız kontenti bölüşmək üçün istifadə edirəm.

Şəxsi tanıdığım yazıçıların böyük hissəsi işə başlamaq üçün uyğun vaxt axtarırlar. Onlar elə düşünürlər ki, bütün diqqəti mürəkkəb problemin həllinə yönəltmək üçün 4-6 saat vaxt tələb olunur. Lakin tədqiqatlar qısa fasilələrlə işləməyin daha effektiv olduğunu artıq çoxdandır sübut ediblər.

Əgər daha məhsuldar olmaq istəyirsinizsə, vaxtınızı necə keçirmək istədiyinizi analiz etməyin. Bütün səylərinizi diqqətinizi çəkən sahələrə yönəldin. Mayklın hekayəsini xatırlayanda saata baxdım. İndi 10:36-dır və mən hədəfimi 500 söz aşdım.

Əminəm ki, yüksək məhsuldarlı insanlar daha bir vərdişə sahibdirlər. Onlar bütün vaxtlarını yüksək məhsuldarlı insanların yeddi vərdişi haqqında oxumağa sərf edirlər.

 

Son xəbərlər
Digər xəbərlər