13 C
Baku
Friday, November 22, 2024

Məişət tullantılarını kənara atanların 7 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib

Milli Məclis məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələrin artırılmasını birinci oxunuşda təsdiqlənib.

Bununla bağlı parlamentin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcək.

Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1 000 manat məbləğində, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunacaq, hüquqi şəxslər isə 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcək.

Eyni zamanda məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcəklər.

Bundan başqa, daha bir dəyişikliklə qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə 500 manat məbləğində cərimə ediləcək.

Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə cərimənin məbləği 200 manata (hazırda 15 manat) qaldırılır.

Həmçinin dəmir yoluna hər hansı əşya atmağa görə cərimənin məbləği 200 manat (hazırda 30 manat) müəyyən edilir.

Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər