Son günlər məmurların maaşının artırılması məsələsi gündəmi zəbt edib. İqtisadçı Vüqar Bayramov məsələyə münasibət bildirərəkən, məmurlar da daxil olmaqla hər bir vətəndaşın yüksək maaş almasının arzuolunan olduğunu bildirib:
“Amma yalnız bir kateqoriya üzrə əmək haqqı artımında bir sıra məqamların gözlənilməsinə ehtiyac var. Əvvəlla, məmurların maaşı ilə orta aylıq əmək haqqı arasında kəskin fərq heç bir halda arzuolunan deyil. Məmurların və eləcə də deputatların maaşındakı artım orta aylıq əmək haqqıdakı artım tempindən kəskin fərqlənməməlidir”.
OXŞAR YAZI: Yeni nazirin təyinatından sonra aparat rəhbərlərinin maaşları artırıldı – SİYAHI
V.Bayramovun sözlərinə görə, dövlət qurumlarında maaşın normal olması vacib olsa da, yüksək əmək haqqı heç də hər zaman korrupsiyaya qarşı mübarizədə səmərəli vasitə deyil:
“Beynəlxalq Valyuta Fondu bir müddət öncə korrupsiya ilə əmək haqqı arasındakı asılılığı müəyyənləşdirmək üçün İndoneziya Maliyyə Nazirliyinin işçilərinin maaş fondu vəsaiti hesabına 2 dəfə artırmışdı. 1 il sonra fond bu əmək haqqı artımının korrupsiyaya necə təsir etdiyini araşdıran zaman bəlli olmuşdu ki, həmin dövlət qurumunda rüşvətin həcmi də 2 dəfə artıb. Rüşvətin həcmi əmək haqqındakı artıma uyğunlaşdırılıb. Deməli, yüksək maaş heç də həmişə az korrupsiya anlamına gəlmir. Bu isə o deməkdir ki, əmək haqqı artımları nəzarətin gücləndirilməsi ilə müşahidə edilməlidir ki, korrupsiyanın həcmi artmasın, əksinə azalsın. Nəhayət, hər bir qurumda əmək haqqı səviyyəsi o qurumda xidmət səviyyəsinə uyğun olmalıdır. Əmək haqqı artımından öncə xidmətin keyfiyyətini yüksəltməyə ehtiyac var”.